Kokpit.az bildirir ki, peşəkar simulyatir yarışçısı Yaqub Əliyev Beynalxalq Avtomobil Federasiyası tərəfindən keçirilən “Time Attack” yarışında uğurlu nəticə qazanıb. 198 ölkənin qatıldığı turnirdə təmsilçimiz göstərdiyi 1.30.395 zaman nəticəsi ilə 25-ci yeri tutub. O, MDB ölkələri təmsilçiləri arasında isə 1-ci olub. Onun həm dünya, həm də MDB üzrə ən yaxın izləyicisi isə Aleks Sarqsyan olub. Ermanistanlı pilot Yaqubdan 0.1 saniyə geridə qalıb.
Yaqub Əliyev bu barədə belə danışıb: “Əlbəttə ki, mənim üçün bu yarış ərəfəsində çoxlu dəyişikliklər olmuşdu, çünki mən hər zaman Gran Turismo oyun platformasında yarışırdım və FİA “Time Attack” yarışmasını Assetto Corsa Competizione oyun platformasında keçirdiyi üçün mən ən qısa zamanda yeni oyun platformasına adaptasiya olub, avtomobili düzgün sazlayaraq nəticə göstərməli idim.
Yarışa və yeni platformaya öyrəşmə müddəti düz iki həftə çəkdi və bu iki həftə ərzində hər şeyə sıfırdan başladım. Mən orada eyni zamanda həm yarışmalı, həm də platformaya adaptasiya müddəti keçməli oldum. İlk nəticəm 1.35 idi və hər yeni sürüşlə nəticəmi yaxşılaşdıraraq 1.30.395 nəticəsinə gəlib çıxdım.
Bu yarış qapalı olaraq 5 iyuldan 21 iyuladək keçirilmişdi. Hal-hazırda göstərdiyim nəticədən çox məmnunam. Rəqiblərim bu platformada uzun illər yarışdıqları halda mən iki həftə ərzində bu nəticəni qazandım. Az bir müddətdə bunu bacarmaq hər bir pilotun işi deyil”.
20 yaşlı Yaqub dəfələrlə ölkəmizi beynəlxalq simulyator yarışlarında təmsil edib və çoxlu uğurlar qazanıb.
Belə ki, Yaqub Əliyev 2020-ci ildə 274-dən çox iştirakçının qatıldığı Toyota Gazoo Racing GT86 zaman yarışının qalibi oldu. 2021-ci ildə keçirilən FIA Gran Turismo SPORT Nation & Manufacture Cup yarışında MDB üzrə 1-ci nəticəyə nail olub.
2021-ci ildə DTF AVTOSPORT-un Gran Turismo SPORT platformasında keçirdiyi çempionatda çempionluq eldə edib.
2022 və 2023-cü illərdə F1 Esports Series Baku Qran prisi zamanı, ən sürətli vaxtl göstərmiş və final yarışında 1-ci gələrək qalib olmuşdur.
2023-cü ildə isə 100 mindən çox iştirakçının qatıldığı Gran Turismo 7 oyun platformasında Dünya üzrə TOP-6 nəticəsinə daxil olan, ilk azərbaycanlı yarışçı olub.
Şərh əlavə et