Kokpit.az xatırladır ki, Corc Rassell Spa-Frankorşampsda qələbə qazandıqdan qısa müddət sonra Belçika Qran Prisindən diskvalifikasiya edilib. Britaniyalı sürücü Spada damalı bayrağı Lyuis Həmiltondan öndə keçərək mövsümdə ikinci qələbəsini qazanmışdı. Lakin Rasselin avtomobilinin minimum çəkisi limitdən daha yüngül olduğu aşkar edilib və onun qələbəsi təhlükə altına düşüb.
Yarış stüardları tez bir zamanda Rasselin W15-inin qaydalara uyğun olmadığını təsdiqləyib və nəticədə yarışdan diskvalifikasiya olunub.
Mercedes komandasının rəhbəri Toto Volf bildirib ki, Rasselin tək pit-stop strategiyasına görə təkəri çox yeyilib və bu da avtomobilin minimum çəkidən aşağı düşməsinə səbəb olub.
Mercedes komandası Belçika Qran Prisi sərbəst yürüşlərində Hard təkərləri test etməmişdi.
Buna görə də Hard təkərlərin necə işlədiyinə dair məlumatları yox idi. McLaren və Ferrari də Hard tərkiblərdən istifadə etməmişdilər. Bu təkərləri güclü dördlükdən yalnız Red Bull komandası istifadə etmişdi.
Rasselin diskvalifikasiyasından sonra Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, britaniyalı sürücünün tək-stop strategiyasına görə yeyilən təkərləri avtomobilin çəkisini standartdan aşağı düşməsinə səbəb olub.
Kristian Horner: “Əminəm ki, strategiyasına görə bir kilodan çox kauçuk itirib. Biz bunu cümə günü görmüşdük. Bu, Corc üçün doğrudan da məyusedici xəbərdir, amma hesablamalarda səhv ediblər”.
Mercedes komandasından Əndryu Şovlin də buna bənzər açıqlama verib: “Maşının yarışdan sonra niyə yüngül olması barədə tam məlumatımız yoxdur, amma bunu anlamaq üçün bazada araşdırma aparacağıq. Tək pit-stop strategiyasına görə itirilən kauçukun buna səbəb olduğunu düşünürük. Bunun necə baş verdiyini daha yaxşı anlamağa çalışacağıq”.
Şərh əlavə et