Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Pereslə davam edəcək

Niderland mətbuatının verdiyi xəbərə görə Serxio Peres bu mövsümü Red Bull-da tamamlayacaq. 

Kokpit.az xatırladır ki, Serxio Peres son yarışlarda pis performans göstərdiyi üçün Red Bull-dan qovulacağı və onun əvəzinə Daniel Rikkardonun gələcəyi deyilirdi.

Red Bull komandasının rəhbəri Kristian Horner və idman məsləhətçisi Helmut Marko meksikalı sürücünün gələcəyini danışmaq üçün bazar ertəsi müzakirələr aparacaqlarını demişdilər.

Serxio Peres hələ iki ay əvvəl Red Bull ilə 2026-cı ilin sonuna qədər yeni müqavilə bağlamışdı. Amma Çekonun performansına görə bu müqaviləyə yay fasiləsində xitam verilə bilərdi.

Liam Louson və ya Daniel Rikkardonun Çekonu əvəzləməsi gözlənilirdi, amma hələlik Red Bull-da hər şey eyni qalacaq. Peres son 8 yarışda 28 xal topladığı üçün təzyiq altında idi. Ferstappen isə 8 yarışa 141 xal toplayıb.

Belə olan halda McLaren Mühəndislər Kubokunda böyük sürətlə Red Bull-a yaxınlaşıb. Buna baxmayaraq “qırmızı öküzlər” Serxio Pereslə davam etmək qərarına gəlib.

Komanda rəhbəri Kristian Horner bazada verdiyi açıqlamada bunları deyib: “Çeko son dövrlərdəki bütün dedi-qodulara baxmayaraq, Red Bull Racing-də yarışmağa davam edəcək. Yay tətilindən sonra keçmişdə yaxşı performans göstərdiyi traslara qayıdacaq. Onun nəyə qadir olduğunu görmək üçün səbirsizlənirəm”.

Rauf Hacıyev

Şərh əlavə et