Kokpit.az xatırladır ki, “narıncılar” Macarıstanda ilk iki yeri qazandıqdan sonra Spada cümə günü güclü görünüblər. Lakin yağışlı keçən sıralanma turunda hər iki sürücü də çətinlik çəkiblər. Yekunda Lando Norris beşinci, Oskar Piastri isə altıncı yerləri tutublar.
Lakin Andrea Stella bildirib ki, onlar çox asfaltayatma qüvvəsi əlavə etməyərək yarış performansını düşünüblər və bazar günü sürətli olmağa ümid edirlər: “Sıralanma turundakı hava şəraitinə görə sazlanmaları yarışa görə seçdik. Çünki yarışda yüksək sürətə ehtiyacımız olacaq. Buna görə də sıralanma turundan imtina etdik, çünki yarışdakı hava şəraitinə görə ən yaxşı maşına ehtiyacımız var idi. Hava proqnozları yarışda yağışın yağmayacağını göstərir. Buna görə də sıralanma turuna yox, əsas yarışa fokuslanmaq istədik”.
Maks Ferstappen poul qazansa da, beşinci daxiliyanma mühərriyə keçdiyi üçün yarışın startında 10 yer itirəcək. Bu isə o deməkdir ki, McLaren komandasının sürücüləri hərəyə 1 yer qabağa gediblər.
Andrea Stella düşünür ki, hər iki sürücüsünün də yarışda qazanmaq şansları var: “Əslində Spa ötmə etmək üçün ən əlverişli trasdır. buna görə də yarışa necə başladığınızın elə də böyük önəmi yoxdur. Əsas odur ki, yaxşı performans göstərib təkərlərə düzgün nəzarət edək. Bazar gününü yaxşı keçirə bilərik”.
Lakin Lando Norris düşünür ki, Red Bull quru hava şəraitində daha güclüdür və aşağı asfaltayatma qüvvəsi sazlanmasının onlara üstünlük gətirməsinə ümid edir: “Cümə günü bir az daha sürətli olsaq da, bütün həftəsonu ərzində Red Bull bizdən bir addım öndə idi. Düşünürəm ki, Red Bull hələ əlini tam olaraq göstərməyib. Buna görə də beşinci yeri tutmaq məni məyus etmədi.
Yarışda Serxio Peres kimi bəzi sürücüləri keçməliyik. Rəqiblərimizə nisbətən aşağı asfaltayatma qüvvəsi seçmək bizə zərər verdi, amma ümid edirəm ki, yarışda qarşılığını alarıq”.
Şərh əlavə et