Maks Ferstappen 2022-ci ildəki yarışa 14-cü, 2023-cü ildəki yarışa 6-cı yerdən başlasa da, hər iki yarışda da parlaq qələbələr qazanmışdı. Builki yarışa isə 11-ci yerdən başlayacaq. Düzdür, Spa trası ötmə etmək üçün çox idealdır, amma artıq rəqiblər ötən iki ildəki kimi zəif deyillər…
Ferrari dünən qumar oynayaraq poul qazandı. Əksər hallarda “qırmızılar”ın oynadığı qumar tutmur. Lakin bu dəfə istisna oldu. Şarl Lekler üçüncü sessiyanın sonunda trasın quruyacağını düşünüb təzə dəst təkərini son cəhdə saxladı. Bu qumarın hesabına isə builki ikinci poulunu qazandı. Sıralanma turundan sonra monakolu sürücü sevincini gizlətmirdi, amma eyni zamanda realist idi: “Keçən illə eyni yerdəyik və bu yaxşı haldır. Sözün açığı bunu gözləmirdim. Çətin hava şəraitində belə gözləntilərimizin üzərində performans göstərə bildik. Buna görə də şənbə gününün komanda üçün yaxşı gün olduğunu deyə bilərik. İndi isə yarışa köklənməliyik.
Əgər yağış yağmasaydı, böyük ehtimalla Mercedes ilə beşinci yer uğrunda mübarizə aparacaqdır. Ancaq yağış bizə bir az kömək etdi.
Doğrudan da çox sevincliyəm. Peletonun ön tərəfinə qayıtmaq çox gözəldir. İndi isə əsas məqsədimiz yarışda yaxşı nəticə qazanmaqdır. Yarışdan əvvəl maşına minəndə ən yaxşı nə edəcəyimi görəcəm və birinci yeri qorumağa çalışacağam”.
Əslində fikirlərində haqlıdır, çünki 2022 və 2023-cü ildəki yarışlara da Ferrari pouldan başlamışdı, amma sonda üçüncülüyə razı olmuşdular. Bu il isə Ferrari ötən iki mövsümə nisbətən zəifdir. McLaren və Mercedes temp cəhətdən çoxdan italyanlara çatıblar. Hətta onları qabaqlayıblar.
Sıralanma turundan sonra McLaren komandası da aşağı asfaltayatma qüvvəsi sazlanması seçdiklərini və əsasən quru hava şəraitindən keçəcək yarışı düşündüklərini dedilər: “Sıralanma turundakı hava şəraitinə görə sazlanmaları yarışa görə seçdik. Çünki yarışda yüksək sürətə ehtiyacımız olacaq. Buna görə də sıralanma turundan imtina etdik, çünki yarışdakı hava şəraitinə görə ən yaxşı maşına ehtiyacımız var idi. Hava proqnozları yarışda yağışın yağmayacağını göstərir. Buna görə də sıralanma turuna yox, əsas yarışa fokuslanmaq istədik”.
Bu isə o deməkdir ki, McLaren komandasının sürücüləri Macarıstandan sonra Belçika yarışında da qələbəyə əsas namizədlərdəndir. Onsuz da “narıncılar” yarış tempinə görə çox vaxt fərqlənirlər.
Həftəsonunun digər qazananı Serxio Peres oldu. Meksikalı sürücünün başı üzərində qara buludlar olsa da, sonda üçüncü yeri tuta bildi və komanda yoldaşı Maks Ferstappenin cəzası ilə yarışa ikinci yerdən başlayacaq. Əgər Çekonun son sessiyaya bir dəst təzə təkəri qalsaydı, böyük ehtimalla yarışa pouldan başlayacaqdı. Lakin indi keçənilki ssenarini görürük. Keçən il də Peres Spada Leklerdən sonra ikinci yerdən başlamış və ilk dövrələrdə monakolu rəqibini geridə qoya bilmişdi. Düzdür, onun bu əziyyətinin sonunda qələbə olmamışdı və Maks Ferstappendən sonra ikinciliyə razı olmuşdu.
Mercedes Belçikaya ən çox yenilik gətirən komanda idi. Lakin cümə günündən sonra “gümüşü oxlar” düzlüklərdə rəqiblərinə 1 saniyə uduzurdular. Uzun araşdırmalardan sonra məlum oldu ki, geridə qalmanın problemi yeni altlıqdır. Buna görə də almanlar şənbə günündən etibarən köhnə versiya altlığa qayıtdı. Məhz bundan sonra “gümüşü oxlar” sürətlənərək, sıralanma turunda ikinci cərgəyə gələ bildilər. Düzdür, Həmilton bu uğuru hava şəraitinə bağlasa da, komanda rəhbəri Toto Volff belə düşünmür və bu gün Mercedes-i favoritlər arasında görür.
Həftəsonunun digər yaxşı komandası isə Alpine idi. Son həftələrdə ən çox söz-söhbətə səbəb olan fransızlar daha az asfaltayatma qüvvəsi tələb edən traslarda güclüdürlər. Buna görə də dünən Esteban Okon son sessiyaya qala bildi. Pyer Qasli isə son sessiyanı çox cüzi fərqlə qaçırdı.
Belçika yarışı mövsümün ilk yarısının sonu olmaqla bərabər bəzi suallara da cavab gətirəcək. Red Bull komandası bu yarışdan sonra sürücü heyətini dəyişə bilər. Hər şey serxio Peresin bugünkü performansından asılı olacaq.
Digər tərəfdən Mclaren komandasının önə çıxması, Maks Ferstappenin yüksəlişi yarışa rəng qatacaq.
Şərh əlavə et