Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton bədbindir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yarışda podiuma yüksəlmək şansları çox azdır. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Belçikadakı sıralanma turunda 4-cü olsa da, Maks Ferstappenin startda 10 yer itirməsi ilə sabahkı yarışa üçüncü yerdən başlayacaq.

Lyuis Həmilton bildirib ki, son sessiyada sadəcə bir dəst yeni təkəri qaldığı üçün üçlüyü qaçırıb, amma quru trasda şansları çox yüksək deyil: “Boliddə rahat idim. Belə hava şəraitinfə həmişə rahat olmuşam.

Məncə, doğru zamanda trasa çıxsaydıq daha yaxşı nəticə qazanmaq mümkün idi. Amma ilk sessiyada ələnməmək üçün bir set təkər istifadə etmişdik və buna görə də son sessiyada sadəcə bir dəst yeni təkərimiz qalmışdı. Deyəsən önümdəki bütün sürücülərin əlavə bir dəst təzə təkərləri var idi. Buna görə də real tempimizi göstərə bilmədik.

Yarışda az da olsa, podium uğrunda mübarizə aparmaq şansımız var, amma məncə, bu doğrudan da çox çətin olacaq. Arxamızda McLaren-lər var, Önümüzdə isə bir Red Bull… Arxadan daha bir sürətli Red Bull gələcək. Buna görə sabah işimiz çox çətin olacaq.

Ferrari-nin performansının bizimki ilə eyni səviyyədə olduğunu düşünürəm”.

Mercedes komandası Spa trasına yeni altlıq gətirsə də, cümə günündən sonra ondan imtina etmiş və köhnə altlığa qayıtmışdılar. Lyuis Həmilton bildirib ki, bunun elə də böyük fərqi olmayıb: “Hər hansı bir rahatlanma olmadı. Şəxsən rahatlandım, çünki yağış yağırdı. Belə hava şəraitində həmişə rahat oluram.

Dünən quru havada 1 saniyə geri qalırdıq. Bəlkə bu gün 0.7 saniyə geridə ola bilərdik, amma ilk üçlük üçün mübarizə apara bilməzdik”.

Yeddiqat Dünya Çempionu əlavə edib ki, yarış üçün narahatdır: “Əlbəttə, narahatam. Məncə, rəqiblərimizin yarış tempi güclüdür. Yenə də gecə görəcəyimiz işlərlə bəzi şeyləri dəyişdirəcəyimizə ümid edirəm. Amma üçüncü yerdən başlamaq yaxşıdır. Bundan şikayət edə bilmərəm. Sadəcə ikincilik mümkün idi. Son sessiyada daha bir yeni təkər dəstim olsaydı, bunu edə bilərdim”.

Rauf Hacıyev

Şərh əlavə et