Kokpit.az xatırladır ki, Serxio Peres Çin yarışından sonra podium üzünə həsrət qalıb. O, son 8 yarışda sadəcə 20 xal toplaya bilib və belə olan halda Red Bull-un Mühəndislər Kubokundakı mövqeyi təhlükəyə düşmüş olur. Üstəlik Macarsıtan Qran Prisinin sıralanma turunda etdiyi qəza meksikalı sürücünün komandadakı yerini lap pis vəziyyətə qoyub.
Buna görə də əksəriyyət düşünür ki, Red Bull komandası hazırda 34 yaşlı sürücüyə son şans verib. Əgər o, Belçikada da ümidləri doğrultmasa, komandadan göndəriləcək və yerinə Daniel Rikkardo gətiriləcək.
Buna baxmayaraq Serxio Peres inanır ki, yay tətilindən sonra da Red Bull-da yarışmağa davam edəcək: “Hər şeyi qaydasına salmaq üçün doğrudan da əlimdən gələni edirəm. Daha əvvəl də dediyim kimi hazırda əsas məqsədim budur. Mövsümün sonunda Əbu Dabidə harada olacağımıza baxacağıq. Yəni düşünürəm ki, bir neçə yaxşı yarış keçirə bilsəm və performansımı düzəltsəm, mövsümüm indikindən çox fərqli görünər.
Məncə, belə baxanda pis mövsüm keçirən başqa pilotlar da olub və onlar elə də gözə dəymirlər. Məncə, Red Bull komandası mətbuatda çox müzakirə olunur. Ancaq artıq buna öyrəşmişəm. Kartinq günlərindən bəri belə böyümüşəm. Əgər bir yarışı qazana bilməsəm, növbəti yarışa çıxıb-çıxa bilməyəcəyim müəmmalı olardı. Onsuz da karyeram ərzində çox təzyiq altında yarışmışam. İndi də vəziyyət fərqli deyil. Məncə, Formula 1 sürücüləri olaraq belə təzyiqlərə onsuz da öyrəşmişik.
Qətiliklə əminəm ki, bu həftəsonu Red Bull-da son yarışım olmayacaq, çünki müqavilədə nə olduğunu və komandanın mənə inandığını bilirəm. Əsas hədəfimiz trasa çıxıb yaxşı nəticələr qazanmaqdır. Mən komandaya və boliddən əldə etdiyimiz performansa fokuslanmışam. Digər şeylər isə sadəcə dedi-qodudur. Buna görə heç narahat deyiləm”.
Şərh əlavə et