Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Bruno Famin Alpine-dən ayrılır

Alpine rəsmi olaraq Bruno Faminin komanda rəhbərliyindən ayrılacağını açıqlayıb.

Flavio Briatore komanda məsləhətçisi təyin edildikdən sonra Alpine komandası yenidənqurma prosesinə daxil olub.

2026-cı ildə Renault mühərriklərindən istifadəni dayandırmağa və Mercedes ilə uzunmüddətli müqavilə bağlamağa hazırlaşan Alpine, sürət qutusu və arxa asılqanları da alman istehsalçısından almağı planlaşdırır.

Bundan başqa, texniki şöbəyə yeni transferlər edilir və növbəti mövsüm yarışması üçün Karlos Saynsla danışıqlar aparılır.

Bu yaxınlarda Alpine komandasının rəhbəri Bruno Faminlə yollarını ayırmağı düşündüyü bildirilirdi. Otmar Safnauer keçənilki Belçika Qran-Prisi zamanı qovulduqdan sonra Famin müvəqqəti olaraq bu vəzifəyə gəlmişdi. Lakin daha sonra bu vəzifədə qalacağı məlum olmuşdu.

Lakin 1 ildən sonra Alpine komandası Famini də rəhbər vəzifəsindən uzaqlaşdırma qərarına gəlib. Beləliklə fransalı mütəxəssis avqustun sonunda komanda rəhbəri vəzifəsini tərk edəcək və Renault-nun digər avtoidman fəaliyyətləri ilə məşğul olacaq.

Alpine komandası rəsmi olaraq bu açıqlamanı yayıb: “BWT Alpine F1 komandası Bruno Faminin avqustun sonunda Formula 1 komandası rəhbərliyindən ayrılacağını təsdiqləyir. Bruno Renault Qrupunun Viri-Çatillondakı digər avtoidman fəaliyyətlərindən məsul olacaq. Yeni komanda rəhbərinin kimliyi isə vaxtı gələndə bilinəcək”.

Dünən verdiyimiz xəbərə görə Alpine komandasının yeni rəhbəri Formula 2 və Formula 3-də HiTech komandasını idarə edən Oliver Ouks olacaq.

Rauf Hacıyev

Şərh əlavə et