Yay fasiləsi Red Bull üçün mövsümün həlledici anı olacaq. Tezliklə təkcə Serxio Peresin deyil, Maks Ferstappenin də gələcəyinə aydınlıq gələcəyi gözlənilir. Peres ciddi təhlükə altındadır və Macarıstanda sıralanma turunda etdiyi səhv ona heç də kömək etməyib. Hazırda Red Bull komandası Çekonu kimin əvəz edə biləcəyi ilə bağlı müxtəlif müzakirələr aparır.
Helmut Marko son bir ildə xeyli inkişaf etmiş Yuki Tsunodaya şans verməyə meyllidir. Lakin Kristian Horner Daniel Rikkardo ilə maraqlanır. Avstriya komandasının rəhbəri avstraliyalı pilotu Silverstoun trekində uğurlu testdən sonra RB-yə gətirmişdi.
Rikkardo bu il lazımi nəticələri əldə etməkdə çətinlik çəkir, lakin Horner avstraliyalı pilota o qədər inanmağa davam edir ki, onu Serxio Peresin əsas əvəzləyicisi kimi görür. İtaliya mətbuatının xəbərinə görə Hornerin seçimi təsdiqlənsə, Rikkardo bir neçə ildən – Renault, McLaren və AlphaTauri/Racing Bulls komandalarında yarışdıqdan sonra Red Bull-a qayıdacaq.
Belə olan halda Peres RB-yə transfer olunmayacaq və komandasız qalacaq, çünki RB komandası üstünlüyü Liam Lousona verəcək. Rikkardo, Tsunoda və Louson bu ayın sonunda İmolada test edəcəklər. Rikkardo və Tsunodanın VCARB01-i, Lousonun isə AT03-ü sürəcəyi gözlənilir.
Şərh əlavə et