Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Məni tənqid edənlər rədd olsunlar!

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, onu tənqid edənlər rədd olub gedə bilərlər.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Macarıstan yarışına üçüncü yerdən başlasa da, yekunda komandanın səhv strategiyasına görə 5-ciliyə qədər geriləyib. Lakin o təslim olmayıb. Əvvəlcə Şarl Lekleri keçib, sonra isə Lyuis Həmiltona hücum edərkən birinci döngədə təkərlərini bloklayıb və iki pilot təmas yaşayıblar. Bu təmasdan sonra Maksın Red Bull-u havalanaraq, tras xaricinə uçub və üçqat Dünya Çempionu beşinci yerə qədər geriləyib.

Yarışdan sonra Maks Ferstappen onu radio danışıqlarına görə tənqid edənlərə sərt cavab verib: “Hamısı rədd olub gedə bilərlər. Avstriyada mənə çox söz atdılar. İnsanlar dedilər ki, ərlənmə zonasında yönümü dəyişdirmişəm. Məncə, həmişə ilk hərəkətimlə maşını yerləşdirirəm, sonra düz gedirəm.

Yarışda Lyuis əynmə zamanı sağa dönməyə davam etdi və buna görə də təkərlərimi kilidlədim. Hücum edəcəkdim, amma xarici trayektoriyadakı maşın üstümə gəlməyə davam etdi. Əks halda qəza edəcəkdik. Maşını saxlamalı idim. Buna görə də təkərlərimi blokladım. Ancaq strategiyam daha yaxşı olsaydı, yarışda bu hallara düşməyəcəkdim.

Yarışda McLaren ilə mübarizə aparacaq gücümüz yox idi. Yenə də üçüncü yeri tuta bilərdik. Səhv strategiyaya görə davamlı rəqiblərimlə mübarizə aparmalı oldum. Ötmə etməli idim və bu gün işə yaramadı. Tras doğrudan da çox istidir və maşınlara yaxınlaşanda təkərlər həddən artıq qızır. Təkərlərdə sahib olduğunuz üstünlük işə yaramır”.

Maks Ferstappen bildirib ki, o nəticədən razı deyil: “Təbii ki, xoşbəxt deyiləm. Yarışda McLaren-ə nisbətən zəif idik, amma ümidimizi qoruduq. Strategiya cəhətdən nəsə etməyə ümidli idik. Lakin bacarmadıq. Əvvəlcə bizi erkən pitlə keçdilər. Bu xoş olmasa da, problem deyildi. Hard təkərlərlə fərqi bağlamağa çalışdım, amma uzun müddət Lyuisin arxasında qaldım. Çox vaxt itirdim. Bu təkərlərlə tempim yaxşı deyildi, ancaq pis də deyildi. Sadəcə ötmə edə bilmədim və fürsəti itirdim.

Sonra komanda məni yenidən trasa buraxdı və pit-stopdan sonra trafikə düşdüm. Maşınınız sürətli deyilsə, bunu strategiya ilə kompensə edirsiniz. Lakin belə havada rəqibin arxasında qalanda təkərləriniz həddən artıq qızır.

Keçən il maşınımız çox sürətli olanda belə şeylər edə bilirdik, amma indi edə bilmirik. Çətin yarış idi, amma daha yaxşı nəticə mümkün idi. Realist olmağa davam edirəm və bilirəm ki, McLaren-i məğlub etmək mümkünsüz idi. Amma hər şeyi doğru etsəydik, üçüncü yer mümkün idi”.

Maks Ferstappen bildirib ki, radiodakı sözlərinə görə komandadan üzr istəməyəcək: “Niyə üzr istəyim? Üzrə ehtiyac yoxdur. Sadəcə işimizi daha yaxşı görməliyik. İnsanlar niyə düşünürlər ki, radioda hirslənməməliyəm? Bu idmandır. Əgər bəzilərinin bundan xoşu gəlmirsə, evlərində otursunlar”.

Rauf Hacıyev

Şərh əlavə et