Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Yerimi vermək məyusedicidir

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, yerini Oskar Piastriyə vermək məyusedici olsa da, ədalətli qərarın bu olduğunu əlavə edib. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlasa da, startda komanda yoldaşı Oskar Piastrinin gerisinə düşüb. Lakin ikinci pitlərdən əvvəl McLaren arxadakı Lyuis Həmilton, Şarl Lekler və Maks Ferstappen təhlükələrini sovuşdurmaq üçün Norrisi tez pitə çağırıb. Bundan sonra Lando liderliyə yüksəlib.

Lando Norris liderliyə yüksəldikdən sonra Oskar Piastri ilə fərqi 6 saniyəyə qədər qaldırıb. Lakin komanda ona bir neçə dəfə “yerini ver” əmri verib. Lando buna bir neçə dəfə məhəl qoymasa da, yarışın bitməsinə 3 dövrə qalmış yerini gənc Piastriyə verib. Beləliklə, avstraliyalı sürücü Formula 1 karyerasında ilk qələbəsini qazanıb. Lando Norris isə ikinciliyə razı olub.

Lando Norris: “Yarışda lider gedərkən yerinizdən imtina etmək hamı üçün çətindir. Məni belə bir hala saldılar. məni tez pitə çağırdılar və çox rahat formada önə keçmə şansı verdilər. Buna görə də yerimi qaytarmağın ədalətli qərar olduğunu düşünürəm. Oskar keçmişdə mənim üçün çox şey edib və bir neçə yarışda mənə kömək edib. Bu həftəsonu məndən yaxşı yarışdı və startda yaxşı tərpəndi. Mənim startım çox pis idi. Buna layiq idi və hər şeyi çox düzgün elədi.

Yenə də bu hal çox məyus edici idi. Yarışda lider gedərkən yerinizi vermək məcburiyyətində qalırsınız. Xüsusən də çempionatda hər xal çox vacib olan vaxtda… Çempionatda Maks Ferstappendən çox geridə qaldığımı bilirəm. Heç kim bunu mənə deməsin. Lakin bu gün zibil qabına atdığım 7 xal var. Komanda yoldaşıma yer verdiyim üçün yox, yaxşı start almadığım üçün…”

Lando Norris sonda bildirib ki, Avstriya və Britaniyada qaçırdığı qələbələrə görə də məyusdur, amma komandanın 2021-ci il İtaliya yarışından sonra ilk iki yeri tutmasına görə sevinclidir: “Bu halın bizim komanda olaraq ilk iki yeri tutmağımızın önünə keçməsini istəmirəm. Bu, hamı üçün inanılmaz uğurdur və Montsadan sonra bir ilkdir. Bütün həftəsoni ərzində sürətli idik. Bildiyiniz kimibu gözəl hissdir və bütün komanda çox sevinclidir. Buna görə də çox qürurluyuq. Bu macəraya görə çox sevincliyik. İnkişafımızdan isə razıyıq. Növbəti yarışda eynisini etmək gözəl olardı”.

Rauf Hacıyev

Şərh əlavə et