Artıq Red Bull-un bariz üstünlüyü yoxdur, hətta son yarışlarda bəzi rəqibləri onu üstələyir. Çempion komanda bura böyük yenilik paketi gətirsə də, hələ ki, öz bəhrəsini verməyib. Buna görə də, Hunqarorinqdəki sıralanma turu gərgin mübarizə vəd edib.
Kokpit.az xatırladır ki, ilk məşqlərdə Karlos Sayns, sonrakı iki məşqlərdə isə Lando Norris hamıdan sürətli olub. Pirelli bura ən yumşaq tərkibləri – C3, C4 və C5 təkərlərini gətirib.
İlk sessiyada hamı Soft təkərlərlə mübarizəyə başlayıb. Tras quru olub, lakin tezliklə damcılar görünüb. Həmilton ilk cəhddə rəqiblərini üstələyib – 1:17.087. Sarcent ilk döngədə təkərlərini bloklayıb və maşın maneəyə toxunub, lakin amerikalı sürücü yoluna davam edib. Hər şey sarı bayraqlarla məhdudlaşıb. Rassell sürətli dövrəsində səhvə yol verərək pitə qayıdıb.
Peresin 8-ci döngədəki qəzası qırmızı bayraqlara səbəb olub. Sürücü hər ehtimala qarşı tibb mərkəzinə göndərilib. Fasilədən sonra nəticələr yaxşılaşıb. Rikkardo 1:17.050 ilə adını protokollarda birinci yerə yazdırıb, Qasli, Okon, Çjou, Rassell və Peres üçün mübarizə başa çatıb.
İkinci sessiyada da hamı Soft təkərlərlə trasa çıxıb. Bir çox sürücü işlənmiş təkərləri seçib. Ferstappen ilk cəhddə üstün olub. Lakin ikinci cəhddə təzə təkərlərə keçən Lando Maksı qabaqlayaraq ilk sıraya yerləşib. Maqnussen, Sarcent, Elbon, Bottas və Hülkenberq də sıralanma turu ilə vidalaşıb.
Son sessiya başlamazdan əvvəl 5 dəqiqə ərzində yağış yağacağı proqnozlaşdırılıb. Hamı trasa tələsib, Ferstappen birinci sürətli dövrəsində 1:15.555-lik nəticə göstərib. Lakin bir qədər sonra Norris əlçatmaz dövrə vurub – 1%15.227.
Sürücülər ikinci cəhdləri üçün trasa çıxıblar, lakin Tsunodanın qəzası hər kəsə mane olub. Sona 2 dəqiqədən az vaxt qalmış, qırmızı bayraqlar dalğalanıb. Fersttappen və Alonsodan başqa hamı restartdan sonra trasa çıxıb. Lakin artıq soyumuş asfaltda nəticələri yaxşılaşdırmaq mümkün olmayıb.
Lando Norris mövsümdə ikinci, karyerasında isə üçüncü poulunu qazanıb. Sabahkı yarışa ilk cərgədən onunla birlikdə komanda yoldaşı Oskar Piastri başlayacaq. İkinci cərgədə Maks Ferstappen və Karlos Sayns, üçüncü cərgədə isə Lyuis Həmilton və Şarl Lekler qərarlaşacaq.
Son yarışlarda şahid olduğumuz mübarizələr deməyə əsas verir ki, bizi olduqca maraqlı yarış gözləyir.
Şərh əlavə et