Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Gələn il də buradayam

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, vəziyyəti hazırda yaxşı görünməsə də, növbəti mövsümdə də Red Bull-da qalacaq. 

Kokpit.az xatırladır ki, meksikalı sürücü son 6 yarışda sadəcə 14 xal toplaya bilib və o, turnir cədvəlində 6-cı pilləyə qədər yuvarlanıb. Buna görə də əksəriyyət düşünür ki, Serxio Peres ilin sonunda Red Bull-dan qovulacaq.

Serxio Peres: “Gələcəyimlə bağlı yeni bir şey yoxdur. Növbədə yaxşı formaya qayıtmaq istədiyimzi iki yarış var. Mənim üçün də, komanda üçün də əsas hədəf budur. Həftə ərzində bazada idim və bizim üçün əsas məqsəd növbəti yarışlarda real formamıza qayıtmaqdır.

 

Son dövrlərdə çox şey oldu. İmola, Monaco hamısı çox çətin idi. Monrealda problem yaşadıq. Həftəsonları bizim üçün asan olmayan problemlər oldu.

Bəzən tempimiz az oldu, bəzən də hava şəraitindən təsirləndik. Lakin digər sürücülərdən fərqi yoxdur. Hamı 100 faizlik performans göstərmir. Amma biz Red Bull-dayıq deyə hər şey daha tez gözə batır. Lakin hazırda əsas məqsədim sistemi yenidən qurmaqdır. Məncə, önümdə uzun yol var və əsas olan Əbu Dabi yarışından sonra neçənci yeri tutmağımdır.

Kənardan gələn səsləri kəsmək çətindir, amma buraya əlimdən gələnin ən yaxşısını etmək üçün gəlirəm. Burada olarkən, evdə məşq edərkən, komanda ilə birgə simulyatorda işləyərkən sadəcə önəmli şeylərə fokuslanıram. Red Bull-da yarışanda sizin haqqınızda dah çox danışırlar. Ancaq bu mübarizənin gözəlliyi də buradadır. Buna görə də bu işi sevirəm. Buna görə də komanda ilə müqaviləni uzatmağa qərar verdim, çünki belə meydan oxumanı sevirəm. Doğrudan da çətindir, amma insan hər şeyini ortaya qoyur. Buna görə də bu komandada davam etmək istəyirəm.

Növbədəki iki yarış üçün böyük təzyiq hiss etmirəm. Əsas məqsədim indidən etibarən ilin sonuna qədər xallar almaqdır. Buna görə də növbəti iki yarış mənim üçün heç nəyi dəyişmir”.

Yay tətilinin Serxio Peres üçün son şans olub-olmadığına isə meksikalı belə cavab verib: “Bununla bağlı yeni bir şey yoxdur. Sözün düzü, müqaviləm barədə danışmıram, amma bununla bağlı heç bir problem yoxdur. Növbədəki iki yarış mənim üçün çox vacibdir. Tətilə yaxşı əhval-ruhiyyədə getmək istəyirəm. Belə olan halda mənim boksdakı işçilər də tətilə yaxşı əhvalla gedəcəklər. Tamamilə işimə fokuslanmışam. Qalan yarışlarda da, gələn il də burada olacağam. Fərqli şey yoxdur. Sadəcə özümə fokuslanıram”.

Rauf Hacıyev

Şərh əlavə et