Kokpit.az xatırladır ki, danimarkalı sürücü 2017-2020-ci illərdə Haas komandasında yarışmış və 2022-ci ildə Nikita Mazepinin qovulmasından sonra yenidən komandaya qayıtmışdı. Kevin karyerası ərzində McLaren, Renault və Haas komandalarında 175 yarışa çıxıb. 175 yarışın 135-i isə məhz Amerika təmsilçisinin heyətində olub.
Kevin Maqnussen 2022-ci ildə komandaya qayıtdıqdan sonra möhtəşəm performansla ürəkləri fəth etsə də, 2023-cü ildə Niko Hülkenberqin gəlişi ilə gözdən düşməyə başlamışdı. Bu il isə mövsümün əksər yarışlarında komanda yoldaşından geridə qalıb. İndiyə kimi Niko Hülkenberq 22, Kevin Maqnussen isə 5 xal toplaya bilib. Buna görə də 32 yaşlı pilot üçün təhlükə siqnalları çalınmağa başlamışdı.
Bir neçə həftə idi ki, Kevin Maqnussenlə bağlı dedi-qodular var idi. Bu gün isə Haas komandası verdiyi xəbərdə bildirib ki, danimarkalı sürücü ilə ilin sonunda yolları ayırırlar.
Kevin Maqnussen: “Haas Formula 1 komandasında hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Son bir neçə ildə belə gözəl kollektiv üçün yarışmaq mənim üçün qürur verici idi. Xüsusən də mənə güvəndiyi üçün Cin Haas-a təşəkkür edirəm. 2022-ci ildə düşünürdüm ki, Formula 1 karyeram sona çatıb. O məni idmana geri gətirdi və buna görə minnətdaram.
Bu komanda ilə gözəl xatirələrim oldu. Heç vaxt unutmayacağım dövrlər keçirdik. Yarış karyeramın sonrakı hissəsini səbirsizliklə gözləsəm də, 2024-cü ilin geri qalanında Haas Formula 1 Komandası üçün əlimdən gələn hər şeyi edəcəyəm”.
Beləliklə, Haas komandası gələn mövsüm tamamilə yeni heyətlə yarışacaq. Komandanın digər sürücüsü Niko Hülkenberq növbəti mövsüm üçün Sauber ilə anlaşıb. Onu hazırda Formula 2-də yarışan Oliver Berman əvəz edəcək. Kevin Maqnusseni isə ilin sonunda Alpine komandasından ayrılacaq Esteban Okonun əvəzləməsi gözlənilir.
Şərh əlavə et