Kokpit.az xatırladır ki, keçənilki Macarıstan yarışında Maks Ferstappen qalib gəlmiş, Lando Norris isə ikinci yeri tutmuşdu. Brtitaniyalı sürücü podiumda şampan partladan zaman səhvən Maksın kubokunu yerə salmış və kubokun altlığı qırılmışdı.
Yarışdan sonra Lando Norris rəqibi Maks Ferstappendən və macarlardan üzr istəmişdi: “Düzünü desəm, belə bir şey etmək fikrim yox idi və bunun macarlar üçün nə qədər vacib olduğunu və onların mədəniyyətinin bir hissəsi olduğunu bilirəm. Əlbəttə ki, podiumdan həzz almaq istəyirdim, amma heç vaxt belə bir şey etmək niyyətində deyildim.
Aydındır ki, mən bununla bağlı bir neçə zarafat etdim – bəlkə də etməməliydim – amma özümü pis hiss edirəm. Əgər o, mənim kubokuma belə etsəydi, əsəbiləşərdim! Əlbəttə, vaxt və səy sərf edən insanlardan da üzr istəyirəm. Həqiqətən, bunu etmək niyyətində deyildim, buna görə də bundan sonra daha diqqətli olacağam”.
Kuboku düzəldən Herend Porcelain şirkəti bu hadisədən beş həftə sonra Maks Ferstappenə yeni kubok hazırlayıb göndərmişdi. Bu il isə Lando Norris Macarıstan yarışında Herend Porcelain şirkəti tərəfindən dizayn edilmiş dəbilqə taxaraq yarışacaq.
Lakin Hunqarorinq trasındakı yarışda daha bir sürücü buna bənzər dəbilqə dizaynı ilə yarışacaq. Doqquz mövsümlük Formula 1 karyerasında tək qələbəsini 3 il əvvə – 2021-ci ildə Macarıstanda qazanmış Esteban Okon da həmin gün qazandığı kubokun naxışları ilə bəzədilmiş dəbilqə taxacaq.
Qeyd edək ki, McLaren və Lando Norrisin son yarışlardakı tempini nəzərə alsaq, britaniyalı sürücü bu il də Macarıstan yarışına əsas favoritlərdən biri kimi gəlir. Onun bu dəfə podiumda kuboklara necə davranacağı hamıya maraqlıdır…
Şərh əlavə et