Xəbəri Kokpitdə Oxuyun!

GWM Tank 300 Hibrid – Off road-çuların yeni seçimi?

Keçən həftəsonu bizim üçün bir az fərqli keçdi. Bunun əsas səbəbkarı isə Great Wall Motor (GWM) Tank 300 Hibrid idi. Belə ki, bu avtomobilin təqdimatı bizim Qobustanın dağlarına çıxmağımıza səbəb olmuşdu.

Sözün düzü, ilk dəfə idi ki, bir avtomobilin təqdimatı üçün dağa gedirdik. Adətən dilerlər yeni avtomobil gətirəndə bunu bir beşulduzlu oteldə ya da hər hansı bir avtomobil sərgisində təqdim edirlər. Lakin GWM fərqli addım atmaq qərarına gələrək, off road üçün yararlı olan Tank 300-ü elə təyinatı üzrə təqdim etməyə qərara almışdı. Buna görə də şirkət mən də daxil olmaqla əksər avtomobil bloqqerlərini Qobustanın dağlarına apararaq həm palçıq vulkanları ilə tanış etdi, həm də Tank 300 Hibridlə off road edərək və maşının hünərlərini göstərərək, təqdimat keçirdi. Necə deyərlər həm ziyarət, həm ticarət.

Ölkəmizdə off road təqdimatlar az olduğu üçün bu hal çoxumuz üçün yenilik kimi idi, çünki diler cəsarətli formada yeni maşını off road meydançasında test edərək onun hünərlərini göstərirdi. Burada maşın bir neçə zərbə də gördü. Amma bu gözlənilən idi. Yenə də şirkət maşını off road üçün oraya yığışan qonaqların da sərəncamına verirdi. Məncə, Azərbaycanda daha əvvəl belə cəsarətli təqdimat olmamışdı.

Qobustanda GWM Tankın off road məharətləri göstərməsi üçün poliqon düzəltmişdirlər. Bu poliqonda çəllək, təkər və palçıq vannasi kimi müxtəlif maneələr var idi.

İndi isə keçək avtomobilin off road meydançasındakı xüsusiyyətlərinə: Tank 300 Hibrid geometrik maneələrdən məharətlə keçə bildi. Daha sonra növbədə çəlləkli maneə var idi. Çəlləklər yerə möhkəm bərkidilmişdi. Lakin Tank 300 buradan da çox rahatlıqla keçə bildi. Bundan sonra təkər maneələri var idi. Yerə basdırılmış təkərlər maşının təkərlərinin altında tərpənsə də, Tank 300 Hibrid buradan da üzüağ çıxdı. Daha sonra günün ən çətin maneəsi gəldi: Palçıq vannası.

Burada çuxurun dərinliyi 0.7 metr nəzərdə tutulsa da, təşkilatçılar çuxuru 1 metrə qədər qazmış və içini gillə doldurmuşdular. Lakin Tank 300 buradakı ən çətin maneəni də keçərək, Qobustana yığışmış hər kəsi valeh etdi. Beləliklə, Tank 300 Hibrid bütün ekstremal maneələri asanlıqla dəf etdi.

Bundan sonra tədbirin qonaqları maşını off road poliqonunda test etmək imkanı tapıblar. Poliqonda Tank 300 Hibridi məharətlə idarə edən Zəfər 4×4 Off Road Klubunun sürücüləri bu dəfə qonaqlara kömək ediblər və onlara bu çətin poliqonda yön veriblər. Buna görə Zəfər 4×4 Off Road Klubuna da tədbirin qonağı kimi təşəkkür edirəm.

Tədbirin sonunda isə maraqlı yarışlar keçirilib və iştirakçılar hədiyyələrlə təltif ediliblər.

İndi isə keçək avtomobilin texniki parametrlərinə: Tank 300-ün kapotunun 9 pilləli avtomatik transmissiyaya birləşdirilmiş 2 litr həcmli, 4 silindirli daxiliyanma mühərriyi yerləşdirilib. Bu mühərriyə 1,76 kilovatlıq elektrik batareya dəstək verir.  Maşın 350 at gücü və 648 Nm tork hasil edir. Qeyd edək ki, Tank 300 Hibrid bu performansa iki motorun tandemi ilə yüksəlir. Off Road canavarı olan Tank 300-ün boş çəkisi 2305 kiloqramdır.

GWM Tank 300 Hibrid avtomobilinin nağd qiyməti 67900 azn-dir. Şirkət bu 8 il ya da 160 min kilometr zəmanət verir.

 

Rauf Hacıyev

Şərh əlavə et