Kokpit.az xatırladır ki, britaniyalı sürücü son qələbəsini 2021-ci ildə Səudiyyə Ərəbistanında qazanmışdı. Yeddiqat Dünya Çempionu bu gün Silverstounda qalib gələrək, 2 il 8 aydan sonra ilk dəfə qələbə qazanıb.
Lyuis Həmilton yarışdan sonra göz yaşlarını saxlaya bilməyib və belə danışıb: “Ağlamağımı saxlaya bilmirəm. 2021-ci ildən bəri hər gün durub mübarizə aparmağa, məşq eləməyə, ağlımı işimə verməyə və bu möhtəşəm komanda ilə əlimdən gələni etməyə çalışıram. Bu mənim komandamla Britaniyadakı son yarışımdır. Buna görə də onlar üçün qalib gəlməyi çox istədim, çünki onları çox sevirəm.
Onlara neçə ildir gördükləri işlərə görə təşəkkür edirəm. Bu komandanın hər bir üzvünə, Mercedes-dəki hər kəsə, bütün tərəfdaşlarımıza və bütün azarkeşlərə sonsuza qədər minnətdaram. Dövrələri keçərkən azarkeşləri görə bilirəm. Bu yarışı qazanmaq qədər gözəl hiss yoxdur.
Asan dövr olmadı, amma məncə, bu proses vaxtı mübarizə aparmağımız vacib oldu. Ən pis vaxtımızda belə qələbə üçün əlimizdən gələni etməyə davam etdik. 2021-ci ildən sonra bəzən yaxşı olmadığımı düşündüm və fikirləşdim ki, bir də zirvəyə qayıda bilməyəcəyəm. Ancaq əsas odur ki, azarkeşlərim məni dəstəkləməyə davam edirlər”.
Şərh əlavə et