Xəbəri Kokpitdə Oxuyun!

K.Maqnussen: Hər şey Saynsdan asılıdır

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, gələcəyi ilə bağlı qərarı Karlos Saynsdan asılıdır.

Kokpit.az xatırladır ki, Haas komandası gələn il üçün gənc Oliver Bermanla anlaşıb. Britaniyalı sürücünün komanda yoldaşının Esteban Okon olması gözlənilir.

Kevin Maqnussen: “Oliverin buraya gələcəyini 4 ay idi bilirdim. Yəni ki, mənim üçün yeni xəbər deyil. Bir yerdə işlədiyimizi deyə bilmərəm. Bir neçə sərbəst yürüşdə orada oldum və sadəcə öz işimə kökləndim. Gənc sürücünün xəyal etdiyi Formula 1-də yarışması əla şeydir.

Formula 1-ə təzə gəldiyimdə çox çətin idi. Bu haqda bir neçə dəfə danışmışam, amma gözləntiləri qarşılamayan böyük komandaya getmək çətindir, çünki o komandadan gözləntilər böyük olur. Sizdən çempionluq qazanmağınızı gözləyərlər.

Halbuki kiçik komandada yarışmaq çox daha asandır. Məncə, mən bunu etmədim. Buna görə qəti söz deyə bilmərəm, amma mənim üçün bu komanda ilə yarışmağa başlamaq daha asan olardı. Haas ilə yarışmaq Berman üçün pis olmayacaq.

Gələcəyimlə bağlı bir şeylər var, amma sizə deyəcək yeni bir şey yoxdur. Hər şey Karlosdan asılıdır. Yəni digər sürücülərin yer tapması üçün birinci o qərar verməlidir.

Formula 1 xaricində çoxlu seçim var. Seçimlərimizə baxmalı və hamısını nəzərdə saxlamalıyıq. Şəxsən mən Formula 1-ə köklənmişəm. Burada olmaq mənim uşaqlıq xəyalımdır. Kim nə deyirsə desin, Formula 1-də yarışmaq əksər gənc sürücünün xəyalıdır. Buna görə də burada yarışmaq əladır və böyük fürsətdir. Əgər bu şans əlinizə düşsə, onu mütləq dəyərləndirməlisiniz.

12 ildir ki, paddokdayam. Arada bəzi fasilələr olsa da, 10 ildən çoxdur ki, yarışıram. Buradan kənarda əla təcrübələrim oldu. Bundan sonra nə olursa-olsun həyat mənim üçün gözəl olacaq. Bu maşınları sürməyi çox sevsəm də, Formula 1-dən başqa həyatımız da var.

Mən yarış pilotuyam və yarışmaq istəyirəm. Yarışmasam, xoşbəxt olarammı bilmirəm. Ancaq Formula 1 əylənə biləcəyimiz, hisslərimizi doyuzduracağımız və gözəl şeylər qazana biləcəyimiz tək şey deyil”.

Rauf Hacıyev

Şərh əlavə et