Xəbəri Kokpitdə Oxuyun!

Dejavü: Mercedes Silverstounda ilk cərgədə!

Dünən Silverstounda yay havası olub. Temperatur 20 dərəcəyə çatıb. Bu gün isə yağan yağışla havanın hərarəti 10 dərəcə azalıb və əməlli-başlı soyuq olub. Lakin tamaşaçılar səhərdən gəliblər və tribunaları tərk etməyiblər. Tarixi trasda yenə anlşlaq olub.

Kokpit.az xatırladır ki, dünən hər iki məşqlərdə Lando Norris hamıdan sürətli olub. Bugünkü nəm asfaltda baş tutan sərbəst yürüşlərdə isə Corc Rassell protokollara başçılıq edib.

Pirelli bura ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Qasli onsuz da ən son yerdən başlayacağını bilərək sıralanma turuna qoşulub.

Birinci sessiyada hamı keçid təkərləri ilə trasa çıxıb. Həmilton ilk cəhddə yaxşı nəticə göstərib. Lekler sliklərə keçən ilk sürücü olub. Lakin bir qədər sonra qırmızı bayraqlar peyda olub – Peres 9-cu döngədə sürüşüb çınqıllığa düşüb. Stroll qırmızı bayraqlar altında trasa çıxıb və insident daha sonra araşdırılacaq.

Yaşıl işıqlar yandıqdan sonra yağış başlasa da, dərhal dayanıb. Quru təkərlərə keçən sürücülər təxmini 4 saniyə sürətləniblər. Həmilton 1:29.547 ilə ən yaxşı nəticəni göstərib. Qasli, Peres, Okon, Maqnussen və Bottas sıralanma turu ilə ən erkən vidalaşan sürücülər olublar.

İkinci sessiyada hamı sliklərlə bokslardan ayrılıb. Tras hər keçən dəqiqə daha sürətli nəticələrə imkan verib. Norris ən yaxşı nəticənin sahibi olub – 1:26.559. Rikkarso, Çjou, Tsunoda, Sarcent və Lekler ilk onluğa düşə bilməyiblər.

Son sessiyada yenə hamı quru təkərləri ilə mübarizənin son hissəsinə qoşulub. Trasın vəziyyəti o qədər yaxşılaşıb ki, yağışdan əsər-əlamət qalmayıb. İlk cəhddə Norris hər kəsi üstələyib. İkinci cəhdlərdə isə Mercedes sürücüləri önə çıxıblar – əvvəlcə Həmilton liderliyə yüksəlib, lakin bu il sıralanma turlarında daha yaxşı olan Rassell poulu onun əlindən alıb.

Corc Rassell mövsümdə ikinci, karyerasında isə üçüncü poulunu qazanıb. Sabah onunla ən öndən komanda yoldaşı Lyuis Həmilton start alacaq. İkinci cərgədə Lando Norris və Maks Ferstappen, üçüncü cərgədən isə Oskar Piastri və Niko Hülkenberq yarşa başlayacaqlar.

Bizi sabah olduqca maraqlı yarış gözləyir. Rassell ardıcıl ikinci qələbəsini əldə edəcək? Həmilton uzun fasilədən sonra podiumun zirvəsinə qalxa biləcək? Ferstappen geridən gələrək hamını geridə qoyacaq? Bütün bu sualların cavabına sabah 18:00-da start götürəcək yarışda cavab tapılacaq.

Elçin Zodorov

Şərh əlavə et