Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Mercedes-i geridə qoya bilərik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Avstriya yarışında Lando Norrislə Maks Ferstappenə çatmaq mümkün olmasa da, Mercedes-lə mübarizə apara bilərlər. 

Kokpit.az xatırladır ki, monakolu sürücü Avstriyadakı sıralanma turunun son sessiyasında bir neçə səhv edərək, 7-ci yeri tutub. Lakin o, Oskar Piastrinin dövrəvi nəticəsinin silinməsi ilə yarışa 6-cı yerdən başlayacaq.

Şarl Lekler: “Bu, əsəbpozucudur, çünki nə vaxt yaxşı iş görəcək potensialınız olduğunu bilsəniz və bu anda səhv etsəniz, bu sizi məyus edər. Amma vəziyyət belə oldu və bu faciə deyil. Yenə də yeddinci yerdən razı deyiləm, çünki üçüncü yer mümkün idi.
Son cəhdimdə birinci və üçüncü döngələr doğrudan da çox yaxşı idi. İlk dövrəmdən 0.2 saniyə daha sürətli idim. Sonra dördüncü döngədə bir səhv erdim. Altıncı döngədə bir az vaxt qazanmağa çalışsam da, bacara bilmədim. Doqquzuncu döngədə eyni şeyi sınadım və itirdim.
Bazar günü keçiriləcək yarış üçün bizə kömək edə biləcək fərqli sazlanmadayıq. Buna görə də yarışı səbirsizliklə gözləyirəm. Görək neçənci yeri tuturuq.
Düşünürəm ki, Lando və Maksa çatmaq mümkün olmayacaq. Bu həftəsonu çox sürətlidirlər. Mercedes ilə bütün həftəsonu ərzində yaxın idik, amma hər şeyi mükəmməl etsək, onları geridə qoya bilərik”.

 

Qeyd edək ki, Ferrari komandası Monakoda qazandıqdan sonra nəinki qələbə, podium uğrunda belə mübarizə apara bilməyib. “Qırmızılar”ın son iki yarışdakı ən yaxşı nəticəsi Barselonadakı beşincilik olub.

Rauf Hacıyev

Şərh əlavə et