Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns yeniliklərdən şübhələnir

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Ferrari-nin İspaniya Qran Prisinə gətirdiyi yeniliklər boliddə tullanmanı artırıb.

Kokpit.az xatırladır ki, Ferrari komandası Monako yarışında qalib gəldikdən sonra geriləyib və “qırmızılar”ın son iki yarışdakı ən yaxşı nəticəsi İspaniyadakı beşincilik olub.

Ferrari komandası İspaniya Qran Prisinə Arxa qanad, saydpod, motor qapağı, altlıq, diffuzor, halo yenilikləri gəlmişdi. Lakin SF-24 bu yeniliklərlə yaxşı işləmədi və Barselona Qran Prisi ərzində tullanma problemləri ilə üzləşdi. Xüsusən də yüksək sürətli döngələrdə… Maranello komandası hazırda Red Bull, McLaren, Mercedes-dən geri qalır və ən sürətli dördüncü kollektivdir.

Karlos Sayns Avstriya Qran Prisinin sıralanma turunda dördüncü olsa da, “qırmızlar” üçün yarışda ümid azdır. İtalyanlar mövsümə Red Bull-un ən yaxın rəqibi kimi başlasalar da, mövsüm irəlilədikcə geriləyirlər.
Karlos Sayns isə düşünür ki, Ferrari-nin Barselonaya gətirdyi yeniliklər onları geriyə salıb. Yeniliklər müəyyən sürət aralığında daha çox asfaltayatma qüvvəsi istehsal etsə də, komandanın trasın başqa yerlərində vaxt itirməsi hər şeyi korlayır.

Bu mövsüm Avstraliya yarışında qalib gəlmiş Karlos Sayns: “Məncə, tullanmanın olmadığı hər yerdə yeniliklərin işə yaradığını görürük, ancaq yüksək sürətdə tullanma olsa, ayağınızı qazdan çəkməli olursunuz. Belə olan halda bəzi yerlərdə qazandığını digər yerlərdə itirirsiniz.

Bir trasda nə qədər yüksək sürət zonası varsa, sözün açığı bu balans o tras üçün daha pis olur, çünki nə qədər yüksək sürətlə gedirsinizsə, o qədər də yavaşlayırsınız. Bu ideal deyil, ancaq komanda problemi həll etməyə çalışmaq və Silverstounda daha yaxşı geri qayıtmaq üçün əlindən gələni edir”.

Karlos Sayns əlavə edib ki, yüksək sürətli döngədəki problemlər Ferrari üçün ikiqat məyusedicdir, çünki “qırmızılar” belə döngələrdə rəqiblərinə qarşı itirirlər.

Karlos Sayns: “Çox xırdalıqlara girmədən onu deyim ki, məncə, yüksək sürətli döngələr zəif olmağımızın və eyni zamanda yüksək sürətimizi dəhşət dərəcədə azaldan tullanma problemimizin bir kombinasiyasıdır.

Yəni ki, burada 7-ci və 9-cu döngələrin hər birində Maksfan onda bir saniyə zəif oluruq. Sadəcə bir döngədə bu qədər itki olur və bunu kompensə etmək çox çətindir. Trasın qalan yerlərində yavaş sürətdə demək olar ki, vəziyyət bərabərdir.

Ancaq indidən bu yeni paketi və onunla birlikdə bizə mane olan tullanmanı və Silverstoun yarışı üçün bunu necə inkişaf etdirəcəyimizi anlamaq üçün indidən bazada gərginliklə işləyirik”.

Karlos Sayns qeyd edib ki, Ferrari rəqibləri qarşısında geriyə düşdüyünü son bir neçə yarışda qələbə uğrunda mübarizə apara bilmədiyini düşünmür: “Çox çətindir. Bu həftəsonu çox çətin keçir. Son bir neçə yarışda uğur qazana bilmirik. Elə görünür ki, bir az çətinlik çəkirik.

Yarışda Mercedes ilə mübarizə apara bilsək də, Red Bull və McLaren-dən bir addım geridə görünürük. Sprintdə və sıralanma turunda onların bizfən bir az daha üstün olduğunu hiss etdim, amma sıralanma turundan əvvəl bolidi daha sürətli, amma eyni zamanda üstün edən bəzi dəyişikliklər etdik.

Bir dövrəni bir araya gətirmək doğrudan da çox çətin idi. Amma xoşbəxtəm, çünki yaxşı dövrə vurduğumuzu və bunun hesabına 4-cü yeri tutduğumuzu düşünürəm. Mənə bu barədə sıralanma turundan əvvəl desəydiniz, məmnuniyyətlə qəbul edərdim”.

Qeyd edək ki, dünəm keçirilən 23 dövrəlik sprint yarışında Karlos Sayns beşinci, Şarl Lekler isə 7-ci yerləri tutublar. Sıralanma turunda isə “qırmızılar” Sayns ilə 4-cü, Şarl Lekler ilə 6-cı yerdə qərarlaşıblar.

 

 

 

Rauf Hacıyev

Şərh əlavə et