Kokpit.az xatırladır ki, bu il Çin və Mayami Qran Prilərindən sonra növbəti sprint yarışı Avstriyada keçirilib.
Cümə günü keçirilən sprint sıralanma turundan sonra sürücülər bu gün yarış üçün start-finiş düzlüyünü düzülüblər. Bütün sürücülər Medium təkərləri götürüblər. Sürücülər yarışın başlanğıcı üçün yerlərini aldıqdan sonra start təxirə salınıb və daha bir dövrə qızdırma dövrəsi keçirlib. Bu qərarın səbəbinin isə fotoqrafların ilk döngədə düzgün yerləşməməsi düşünülür.
Beş qırmızı işıq yandıqdan sonra Maks Ferstappen yaxşı start alaraq, liderliyini qoruyub. McLaren komandasının sürücüləri ikinci yer üçün mübarizə aparsalar da, Oskar Piastri komanda yoldaşını keçə bilməyib. Bundan başqa ilk dövrənin sonunda Karlos Sayns rəqibi Corc Rasselli keçərək, 4-cü yerə yüksəlib.
İkinci dövrədə DRS-nin aktivləşməsi ilə Norris önündəki Ferstappenə hücumlar etməyə başlayıb. McLaren komandasının sürücüsü 5-ci dövrədə hücum edib Maksı keçsə də, onun liderliyi çox qısa çəkib və niderlandlı sürücü liderliyini bərpa edib.
Norrisin temp itirməsindən komanda yoldaşı Piastri maksimum istifadə edib və ikinci yerə yüksəlib. Səkkizinci dövrədə isə Rassell Saynsa keçərək, dörcüncü yeri geri alıb.
Sprint yarışı bir neçə dövrə belə davam edib. Maks Ferstappen isə tempini artıraraq, DRS pəncərəsindən çıxa bilib və qələbəyə doğru inamlı addım atıb. McLaren komandasının sürücüləri isə ikinci yer uğrunda mübarizəyə davam ediblər. Norris getdikcə fərqi azaldaraq, hücim fürsəti axtarıb.
Bu əsnada arxa cərgələrdə RB komandasından Daniel Rikkardo Williams komandasından Loqan Sarcenti keçib. Beləliklə, avstraliyalı sürücü 15-ci yerə yüksəlib.
Altıncı yerdəki Lyuis Həmilton isə Karlos Saynsa yaxınlaşsa da, ona hücum edə bilməyib.
23-cü və son dövrədə isə üçüncü döngədə Niko Hülkenberqlə Fernando Alonso arasında insident baş verib. Stüardlar bu insidenti araşdırmaq üçün qeydə alıblar.
Beləliklə, Maks Ferstappen damalı bayrağı birinci yerdə keçərək, Avstriyada ardıcıl üçüncü sprint yarışını qazanıb. Onu McLaren komandasının sürücüləri Oskar Piastri və Lando Norris izləyiblər.
Şərh əlavə et