Kokpit.az bildirir ki, tribunalar artıq səhərdən tam dolub. Bunda Maksın uğurlu çıxışı vacib rol oynayıb. Vəziyyət keçən il də belə idi, lakin bu dəfə Maksa ən yaxın rəqib kimi, Ferrari sürücülərini McLaren sürücüləri əvəz ediblər.
Şpilberqdə ötmə etmək asan deyil və çox şey sıralanma turunun nəticəsindən asılı olur. Buna görə də, qısa Red Bull Rinq trasında təsnifat mərhələsi ənənəvi olaraq, gərgin keçir. Tras hüdudlarının pozulmasına görə ləğv edilən nəticələrin çoxluğu ilə seçilən trasda bəzi döngələrin çıxışında çınqıllıq qoyulub ki, bu da cəzaların sayını müəyyən qədər azaldıb.
Hava isti olub, asfaltın temperaturu 50 dərəcəyə çatıb. Külək azarkeşlərin köməyinə çatsa da, sürücülərin işini çətinləşdirib. Pirelli bura ən yumşaq tərkiblərini – C3, C4 və C5 təkərləri gətirib.
İlk sessiyada hamı Soft təkərlərlə mübarizəyə başlayıb. Sürücülər bir-birilərindən aralanmağa çalışsalar da, qısa tras yenə də tıxaclara səbəb olub. Saynsın ilk cəhdindənki nəticə ən yaxşı olaraq qalıb – 1:05.263. Bu həftəsonu ilk dəfə bir sessiyada protokollara Ferstappen başçılıq etməyib. Çjou, Sarcent, Bottas, Stroll və Elbon sıralanma turunu ən erkən tərk edən sürücülər olublar.
İkinci sessiyada sıxlıq azalıb və sürücülər mane olmamağa çalışıblar. Ferstappenin ilk cəhddəki 1:04.577-lik nəticəsi ən yaxşı olub. İkinci cəhddə niderlandlı sürücü nəticəsini 0.108 saniyə daha yaxşılaşdırıb. Nəticələr çox sıx olub. Alonso, Tsunoda, Qasli, Maqnussen və Rikkardo mübarizəni dayandırıblar.
Son sessiyada Maks yeni meyar təyin edib – 1:04.426. Həmilton boksu tərk etmək istəyərkən insident yaşanıb və bu daha sonra araşdırılacaq. Maks ikinci cəhdində daha da sürətlənib- 1:04.314. Nəticəsini yaxşılaşdırmağa çalışan Lekler ciddi səhvə yol verib və trasdan çıxıb. Lakin maşını qəzadan qoruya bilib. Piastri isə üçüncü nəticə göstərsə də, trasdan tam çıxdığı üçün nəticəsi ləğv edilib və yeddinci yerə düşüb.
Maks Ferstappen mövsümdə 8-ci, karyerasında isə yubiley 40-ci poulunu əldə edib. Sabahkı yarışa onun yanından Lando Norris başlayacaq. İkinci cərgədən Corc Rassell və Karlos Sayns, üçüncü cərgədən isə Lyuis Həmilton və Şarl Lekler start alacaq.
Şərh əlavə et