Kokpit.az xatırladır ki, günün yeganə məşq sessiyasını Maks Ferstappen ldier tamalayıb, lakin bununla belə, qüvvələr nisbətini təyin etmək çətin olub. Pirelli buraya C3, C4 və C5 təkərlərini, yəni ən yumşaq üçlüyü gətirib.
İlk sessiyada hamı reqlamentin tələb etdiyi kimi, Medium təkərlərlə trasa çıxıb. Həmiltonun sürətli dövrəsi trasdan tam kənara çıxdığı üçün ləğv edilib. Ümumilikdə 12 nəticə bu səbəbə görə sayılmayıb. Tsunodanın trasdan çıxması qısa müddətli sarı bayraqlara səbəb olub. Ferstappen 1:05.690-lik nəticə ilə protokollara başçılıq edib. Çjou, Elbon, Bottas, Hülkenberq və Rikkardo mübarizəni erkən dayandırıblar.
İkinci sessiyada yenə hamı orta təkərlərlə boksları tərk ediblər. Maks yenə sürətli olub. İlk səkkizlikdə nəticələr çox sıx olsa da, heç kim niderlandlını qabaqlaya bilməyib. Ferstappen, Piastri və Sayns ikinci cəhdlərinə çıxmayıblar. Lekler, Norris və Həmilton isə yarımçıq dayandıraraq boksa qayıdıblar. Ferstappen 1:05.186 yenə hamıdan üstün olub. Sarcent, Tsunoda, Alonso, Stroll və Maqnussen üçün mübarizə başa çatıb.
Final sessiyasında sürücülərə Soft təkərlərə keçmək icazəsi verilib. Lakin heç kim trasa çıxmağa tələsməyib. Hətta ilk 8 dəqiqəni hamı bokslarda keçirib. Mercedes sürücüləri hamıdan erkən tərpənib, sonra digərləri pit yoluna düzülüblər. Lekler maşını kənara çəkərək bir qədər gözləyib və sonra hərəkətə başlayıb. Lakin sürətli dövrəyə başlamağa imkan tapmayıb. Qısa vaxtda bir çox sürücü cəmi 1 şansdan istifadə edə bilib və Ferstappen bu dəfə də keçilməz olub – 1:04.686.
Maks Ferstappen mövsümdə ikinci, karyerasında isə 8-ci dəfə sprint yarışının sıralanma turunda birinci olub. Onun yanından Lando Norris sprint yarışında start alacaq. Oskar Piastri və Corc Rassell ikinci, Karlos Sayns və Lyuis Həmilton isə üçüncü cərgədə qərarlaşacaqlar.
Sprint yarışı sabah Bakı vaxtı ilə 14:00-da start götürəcək. Sonrasında isə daha həyəcanlı bir seans – əsas yarışın sıralanma turu var.
Şərh əlavə et