Kokpit.az xatırladır ki, Ferrari komandası İspaniyada azarkeşlərini məyus edib. Onlar həm sıralanma turunda, həm də yarışda 5 və 6-cı yerləri tutublar.
Karlos Sayna İspaniya yarışından sonra bildirib ki, Ferrari hazırda ən sürətli 4-cü komandadır. Ancaq o, qeyd edib ki, Ferrari SF-24 Barselonadakı kimi sürətli döngələrdə problem yaşayır və bu həftəsonu Red Bull Rinqdə daha sürətli ola bilərlər.
Karlos Sayns: “Ən yaxşı həftəsonumuz deyildi, amma keçən il də İspaniyada çox çətinlik çəkmişdik. Ümid edirik ki, başqa traslarda rəqabətədavamlı olacağıq. Barselonanın yüksək sürətli və uzun birləşik döngələri var. Çində, Barselonada və Yaponiyada çətinlik çəkdik.
Avstriya trasının quruluşuna görə problem yaşamırıq. Buna görə də düşünürəm ki, döngələrə görə daha güclü olacağıq”.
Komandanın rəhbəri Frederik Vassyör isə düşünür ki, Barselonadakı sıralanma mövsümün qalan yarışları üçün trend olmayacaq və ilk 4 komanda bir-birlərinə çox yaxın olduqları üçün hər yarış yer dəyişiklikləri ola bilər: “Sıralanma dəyişir, çünki son 4 həftəsonunda 4 fərqli komanda poul qazandı. Bolidi çox dəyişdirməmişik. Bu da hər şeyin trasdan, təkərlərdən asılı olduğunu göstərir.
Qərar verməmişdən əvvəl sakit qalmalıyıq. Avstriyada tamamilə fərqli format olacaq: Fərqli asfalt, fərqli tipdə döngələr və böyük ehtimalla cədvəl də başqa cür olacaq.
Formula 1-də heç nə sonsuza qədər qalmır. Bu isə o deməkdir ki, bir komanda digərlərindən açıq fərqlə üstün deyil”.
Frederik Vassyör əlavə edib ki, Ferrari Barselonada sıralanma turunda çox zəif olub və komanda vahid dövrə ərzində təkərləri ideal işçi rejiminə gətirə bilməyib: “Barselonada ən vacib şey təkərlərin performansını bütün döngələrdə qorumaqdır. Böyük ehtimalla bu mövzuda bəzi şeyləri düz eləmədik, çünki rəqiblərimizdən çox geridə qaldıq”.
Şərh əlavə et