Xəbəri Kokpitdə Oxuyun!

Mercedes tələsməyəcək

Mercedes komandasının rəhbəri Toto Voff bildirib ki, onlar hələ Lyuis Həmiltonun yerinə kimi gətirəcəklərini bilmirlər.

Mercedes komandasının rəhbəri Toto Voff bildirib ki, onlar hələ Lyuis Həmiltonun yerinə kimi gətirəcəklərini bilmirlər.

Kokpit.az xatırladır ki, Lyuis Həmilton ilin sonunda Mercedes-dən ayrılacaq və Ferrari-yə keçəcək. Lakin onu kimin əvəzləyəcəyi hələ də bilinmir. Toto Volff isə bildirib ki, onlar mümkün qədər gözləyəcəklər.

Bəs Lyuisin yerinə kim gələcək? Akademiyadan yetişmiş Kimi Antonelli yoxsa Red Bull ilə 3 dəfə Dünya Çempionu olmuş Maks Ferstappen?

Toto Volff daha əvvəl bildirib ki, onlar Maks Ferstappeni razı salmaqdansa, W15-in problemlərini həll etməlidirlər. Toto düşünür ki, maşın güclü olsa, istənilən sürücü gətirmək mümkündür.

“Gümüşü oxlar” mövsümə pis başlasalar da, Kanada və İspaniya yarışlarında ardıcıl iki podium qazana biliblər. Bu da Alman təmsilçisini ümidləndirib.

Toto Volff: “Məncə, inkişafa davam etməli və ən əsası sürücülərimiz Lyuis və Corc ilə birlikdə komanda olaraq özümüzə köklənməliyik. Sadəcə daha yaxşı olmalıyıq və ümid edirəm ki, podiuma çıxmaq üçün istedadımızı düzəltməli və müəyyən mərhələdə yarış qazana bilməliyik. Belə olan halda yaxşı sürücülər bizə gəlmək istəyəcəklər”.

Toto Volff əlavə edib ki, onlar Maks Ferstappenin komandaya gətirmək üçün danışıqlar aparmayıblar: “Xeyr! Hazırda heç kimlə danışıqlar aparmırıq, çünki məncə özümüzü və maşınımızı təkmilləşdirməyə köklənməliyik.

Heç bir sürücüyə qərar verməmişik. Bu qərarı vermək mümkün qədər uzun müddət düşünmək istəyirik, çünki nələrin baş verəcəyini bilmirik”.

Red Bull komandasının rəhbəri Kristian Horner isə bildirib ki, Maks Ferstappen heç yerə getməyəcək və Red Bull-da qalacaq: “Maks gələn il də bizimlə olacaq. Toto hələ bu barədə danışır? Nə dedi? Deyir danışıqlar aparmamışıq? Maksı transfer etmək istəyir və danışıqlar aparmır? Hə, oldu”.

Qeyd edək ki, Maks Ferstappen 2016-cı ildən Red Bull komandasında yarışır və üçqat Dünya Çempionunun “qırmızı öküzlər”lə 2028-ci ilin sonuna qədər müqaviləsi var.

 

Rauf Hacıyev

Şərh əlavə et