Xəbəri Kokpitdə Oxuyun!

M.Şumaxer Alpine ilə test edəcək

Mik Şumaxer iyulun 3-də Formula 1-ə qayıtmaq üçün böyük fürsətə sahib olacaq.

Kokpit.az bildirir ki, almaniyalı sürücü Silverstone Qran Prisi həftəsində – iyulun 3-də Alpine-nin 2022-ci il bolidi A522 ilə test edəcək.

Mik Şumaxer bu testlərdə özünü Alpine-ə yaxşı tərəfdən göstərərək, idmana qayıtmağa çalışacaq.

Qeyd edək ki, Alpine komandası ilin sonunda Esteban Okon ilə yollarını ayıracaq. Pyer Qasli ilə də yeni müqavilə imzalanmayıb. Düzdür, Alpine Pyer ilə müqavilə uzatmaq istəyir, amma fransalı sürücü ilə Sauber maraqlandığı üçün onun komandada qalıb-qalmayacağı müəmmalıdır. Buna görə də Mik Şumaxerin bu testi çox vacibdir.

Pol Rikarda Mik Şumaxerdən başqa hazırda Formula 2-də yarışan Cek Duhən də A522 ilə test edəcək. Alpine komandasının mühəndisləri Duhəni yaxşı tanıyırlar, çünki avstraliyalı sürücü davamlı olaraq simulyatorda işləyir. Buna görə də Mik gələn il Alpine-nin sükanı arxasına keçmək istəyirsə, Duhəndən daha sürətli olmalıdır.

Yenə də Mik və Cek ikilisindən sürətli olanının gələn il Alpine-də yarışacağı hələ qəti deyil.

Britaniya mətbuatı xəbər verir ki, Alpine üçün hazırda əsas namizədlərdən biri də Karlos Saynsdır. Bəzi məlumatlara görə Renault-nun rəhbəri Luka de Meo və məsləhətçi Flavio Briatore arasında Barselonada xüsusi danışıqlar olub.

Karlos Sayns hazırda Williams və Sauber arasında qalıb, lakin Flavio Briatore bilir ki, ispaniyalı sürücü hər iki seçimdən də narazıdır. Buna görə ona təklif göndərib.

Rauf Hacıyev

Şərh əlavə et