Xəbəri Kokpitdə Oxuyun!

İspaniya-2024: Ferstappen “Kral mənəm” dedi!

Əvvəllər qış testləri Barselonada baş tuturdu və komandalar trası yaxşı tanıdıqları üçün yenilikləri elə buraya gətirirdilər. Yarış da daha tez tarixdə baş tuturdu. Lakin son illər testlər elə ilk yarışın baş tutduğu Bəhreyndə keçirilir.

Kokpit.az xəbər verir ki, mövsümdə bir neçə dəfə ciddi inkişaf yolu keçmiş komandalar yenə də bura bəzi yeni detallar gətiriblər. Qüvvələr nisbəti isə keçənilki ilə müqayisədə, bu il dəyişilib – ötən mövsüm Maks Ferstappen burada bütün sessiyalarda üstün olmuşdusa da, indi vəziyyət fərqlidir. Cümə günü məşqlərdə ən sürətli Lyuis Həmilton olub, dünən isə Karlos Sayns rəqiblərini üstələyib.

Barselona trası adətən ötmələrə çox da imkan verən tras olmadığından (düzdür, yarış bizə göstərdi ki, bu il vəziyyət tam fərqlidir), sıralanma turu həftəsonunun ən əlamətdar sessiyalarından biri hesab edilir. Təsadüfi deyil ki, burada əvvəlki 33 yarışda 24 dəfə pouldan başlayan sürücü sonda qələbəyə sevinib. Dünən poul uğrunda mübarizə kifayət qədər gərgin və maraqlı alınıb, Norris yekunda cüzi fərqlə Ferstappeni üstələyərək yarışa ən öndən başlamağa haqq qazanıb.

Start düzlüyündə Norris və Ferstappen ilk, Həmilton və Rassell ikinci, Lekler və Sayns isə üçüncü cərgədə qərarlaşıblar. Pirelli bura ən sərt təkərləri gətirib, Elbon orta, qalan hamı isə yumşaq təkərlərlə yarışa başlamaq qərarına gəliblər.

Startda Norris və Ferstappen gərgin mübarizəyə giriblər, bundan istifadə edən Rassell gözəl manevrlə liderliyə yüksəlib. Alonso trasdan çıxmaq məcburiyyətində qalaraq yer itirib, Maqnussen isə isnidentə görə 5 saniyə cəza alıb. Hülkenberq 3 pillə irəliləyib. 2-ci dövrədə ilk onluq: Rassell – Ferstappen – Norris – Həmilton – Lekler – Sayns – Qasli – Piastri – Okon – Hülkenberq.

Ferstappen 3-cü döngədə Rassellə hücum edərək liderliyi ələ alıb. Ferrari sürücüləri təmas ediblər və Sayns irəli keçib. Stroll və Bottas Alonsonu geridə qoyublar. Pit-stop dalğası 10-cu dövrədən etibarən başlayıb – Çjou, Tsunoda, Maqnussen, Bottas və Hülkenberq bu addımı atan ilk sürücülər olublar.

Daha sonra onlara Okon, Peres, Qasli, Sarcent, Rassell, Sayns və digərləri qoşulublar. Liderlərdən Həmilton 17-ci, Ferstappen 18-ci dövrədə yeni təkərlərə keçib. Norris trasda daha çox qalmağı seçib.

Həmilton 19-cu dövrədə Saynsı üstələyib. Norris yalnız 24-cü dövrədə pit yoluna üz tutub və buna görə xeyli vaxt itirib. Lekler ondan 1 dövər sonra pitə yollanıb. 26-cı dövrədə ilk onluq: Ferstappen – Rassell – Həmilton – Sayns – Norris – Qasli – Lekler – Okon – Peres – Piastri.

Piastri Peres və Okonu ötüb. Norris üçüncülük mübarizəsində Həmiltondan üstün olub. Piastri Qaslini də keçib. Norris 35-ci dövrədə Rassellə gözlənilməz yerdə ardıcıl hücumlar edib və çox gözəl mübarizədə öndə qalmağı bacarıb. Corc komanda yoldaşından da geri qalıb.

İkinci pit-stop dalğası başlayıb. Sürücülərin çoxu Soft təkərlərə keçiblər. Ferstappen 43-cü, Həmilton isə 44-cü dövrədə təkər dəyişmək üçün çağrılıb. Norris 48-ci dövrədə onların etdiyini təkrarlayıb. Hülkenberq və Tsunoda pit yolunda sürət həddini keçdikləri üçün 5 saniyəlik cəzalandırılıblar. 51-ci dövrədə ilk onluq: Ferstappen – Norris – Rassell – Həmilton – Sayns – Lekler – Piastri – Qasli – Okon – Peres.

Həmilton 52-ci dövrədə Rasselli keçib. Elbon çınqıllığa düşsə də, yoluna davam edə bilib. Norris Ferstappendən fərqli olaraq, təkərləri qorumayıb və yüksək templə sürərək fərqi azaldıb. Lakin Maks hər şeyə nəzarət edib və finiş xəttini birinci keçib.

Maks Ferstappen mövsümdə yeddinci, karyerasında isə 61-ci qələbəsini qazanıb. Lando Norris mövsümdə dördüncü dəfə ikinci pillənin sahibi olub. Lyuis Həmilton isə üçüncü yerin sahibi olub və cari mövsümdə ilk podium uğurunu əldə edib.

İspaniya Qran Prisi ardıcıl üç yarışdan ilkidir – növbəti həftəsonunda çempionat iştirakçıları gözəl Şpilberq trasına yollanacaqlar. Orada bizi gözlənilməz nəticələr gözləyə bilər – trasın quruluşu və yerləşdiyi yer nəticələri proqnozlaşdırmağa imkan vermir. Daha bir həftə sonra isə bizi Formula 1-in beşiyi sayılan Silverstounda möhtəşəm mübarizə gözləyir…

Sıra Sürücü Komanda Vaxt Pit
1 Maks Ferstappen Red Bull 2
2 Lando Norris McLaren +2.219 2
3 Lyuis Həmilton Mercedes +17.790 2
4 Corc Rassell Mercedes +22.320 2
5 Şarl Lekler Ferrari +22.709 2
6 Karlos Sayns Ferrari +31.028 2
7 Oskar Piastri McLaren +33.760 2
8 Serxio Peres Red Bull +59.524 3
9 Pyer Qasli Alpine +62.025 2
10 Esteban Okon Alpine +71.889 2
11 Niko Hülkenberq* Haas +79.215 2
12 Fernando Alonso Aston Martin +1 dövrə 2
13 Quanyu Çjou Sauber +1 dövrə 2
14 Ləns Stroll Aston Martin +1 dövrə 2
15 Daniel Rikkardo RB +1 dövrə 2
16 Valtteri Bottas Sauber +1 dövrə 2
17 Kevin Maqnussen Haas +1 dövrə 2
18 Aleksander Elbon Williams +1 dövrə 2
19 Yuki Tsunoda** RB +1 dövrə 3
20 Loqan Sarcent Williams +2 dövrə 2

* – Pit yolunda sürət həddini aşdığı üçün Niko Hülkenberqin nəticəsinə 5 saniyə əlavə edilib.

* – Pit yolunda sürət həddini aşdığı üçün Yuki Tsunodanın nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Lando Norris (McLaren) – 1:17.115 (51-ci dövrə, 217.405 km/s)

 

SÜRÜCÜLƏR ÇEMPİONATI

Sıra Pilot Komanda Xal
1 Maks Ferstappen Oracle Red Bull Racing 219
2 Lando Norris McLaren F1 Team 150
3 Şarl Lekler Scuderia Ferrari 148
4 Karlos Sayns Scuderia Ferrari 116
5 Serxio Peres Oracle Red Bull Racing 111
6 Oskar Piastri McLaren F1 Team 87
7 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 81
8 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 70
9 Fernando Alonso Aston Martin Aramco F1 Team 41
10 Yuki Tsunoda Visa Cash App RB F1 Team 19
11 Ləns Stroll Aston Martin Aramco F1 Team 17
12 Daniel Rikkardo Visa Cash App RB F1 Team 9
13 Oliver Birman Scuderia Ferrari 6
14 Niko Hülkenberq MoneyGram Haas F1 Team 6
15 Pyer Qasli BWT Alpine F1 Team 5
16 Esteban Okon BWT Alpine F1 Team 3
17 Aleksander Elbon Williams Racing 2
18 Kevin Maqnussen MoneyGram Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU

Sıra Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 330
2 Scuderia Ferrari Ferrari 270
3 McLaren F1 Team Mercedes 237
4 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 151
5 Aston Martin Aramco F1 Team Mercedes 58
6 Visa Cash App RB F1 Team Honda RBPT 28
7 BWT Alpine F1 Team Renault 8
8 MoneyGram Haas F1 Team Ferrari 7
9 Williams Racing Mercedes 2

Elçin Zodorov

Şərh əlavə et