Xəbəri Kokpitdə Oxuyun!

Poul qazanmaq növbəsi Norrisə çatıb

Barselona trası maşınların real gücünü göstərməsi üçün əla meydandır. Burada keçidlər çətin olduğundan, poul böyük önəm daşıyır. Təsadüfi deyil ki, son 20 yarışın 15-də pouldan başlayan sürücü yekunda qələbəyə sevinib.

Kokpit.az bildirir ki, burada ilk məşqlərdə Lando Norris, ikinci məşqlərdə isə Lyuis Həmilton hamıdan üstün olub. Bu gün baş tutan son məşqlərdə isə Karlos Sayns doğma publika önündə prtokollara başçılıq edib.

Pirelli bura ənənəyə uyğun olaraq, ən sərt üçlüyü – C1, C2 və C3 təkərlərini gətirib. Burada ötmələr çətindir, lakin müxtəlif strateji gedişlər həlledici ola bilir.

İlk sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Stroll və Sarcent toqquşmadan son anda yayınıblar. Stüardlar insidenti nəzarətə götürüblər. Liderlər ikinci cəhdlərindən imtina ediblər. Həmilton ən yaxşı nəticəyə imza atıb – 1.12:143. Williams və RB sürücüləri ilə yanaşı, Kevin Maqnussen də mübarizəni erkən dayandırıb.

İkinci sessiyada yenə Soft təkərlərinə üstünlük verilib. Ferstappenin ilk cəhddində vurduğu 1:11.653-lük dövrə protokollarda adının ən başa yazılması üçün kifayət edib. İlk onluğa düşə bilməyən beş nəfər isə  Çjou, Stroll, Hülkenberq, Bottas və Alonso olublar.

Son sessiyada Maks birinci cəhdində 1:11.673 ilə yenə ən sürətli olub. Piastrinin sürətli dövrəsi isə trasın hüdudlarını pozduğu üçün ləğv edilib. Avstraliyalı sürücünün ikinci cəhdi də boşa gedib – bu dəfə çınqıllığa düşməsi onun sessiyanı nəticə göstərmədən başa vurması ilə nəticələnib. Ferstappen ikinci cəhdində nəticəsini daha da yaxşılaşdırıb. Mercedes sürücüləri də sürətlərini artırıblar, lakin ona çata bilməyiblər. Lakin Norris son sözü deyib və çempionatın liderini cüzi fərqlə qabaqlamağa nail olub.

Lando Norris mövsümdə birinci, karyerasında isə ikinci pouluna sevinib. Sabahkı yarışa onunla ən ön cərgədən Maks Ferstappen başlayacaq. İkinci cərgə Mercedes sürücülərinin – Lyuis Həmiltin və Corc Rassellindir. Üçüncü cərgəni isə Şarl Lekler və Karlos Saynsın timsalında Ferrari tutub.

Qeyd edək ki, Serxio Peresin Kanada yarışından qalan 3 yer itirmək cəzası var və buna görə də sabah 10-cu yerdən yarışa başlayacaq.

Bizi sabah Bakı vaxtı ilə 17:00-dan etibarən çox gərgin mübarizə gözləyir…

Elçin Zodorov

Şərh əlavə et