Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Barselonada “qayıtmaq” istəyir

Ferrari komandası yenidən köhnə formasına qayıtmaq üçün Barselona yarışını səbirsizliklə gözləyir.

Kokpit.az xatırladır ki, Ferrari Monako yarışında qələbə və ikili podium qazandıqdan sonra Kanada yarışından xalsız ayrılmışdı.

Əslində “qırmızlar” Barselonaya yüksək əhval ruhiyyədə gəliblər, çünki Ferrari Hypercar keçən həftə 24 saatlıq Le Man Marafonunda ardıcıl ikinci qələbəsini qazanıb.

Frederik Vassyör: “İspaniyada yenə sürətli olmalı və Monako Qran Prisində olduğu kimi performans səviyyəmizə qayıtmalıyıq. Əslində Barselonaya 24 saatlıq Le Man Marafonunu ardıcıl iki dəfə qazanan Ferrari Hypercar komandamızın möhtəşəm performansından ilham alaraq gəlirik. Monrealdakı həftəsonundan bəzi dərslər çıxardıq və artıq önümüzə baxırıq.
Barselona trası həmişə bir maşının qabiliyyətini ölçmək üçün əla test yeri olub və biz burada həmişəki formamıza qayıtmağı ümid edirik. Ancaq bütün mövsüm ərzində gördük ki, sıralanma turunda və yarışda fərqlər çox yaxındır. Buna görə də hər şeyi doğru etdiyimizə əmin olmaq bizim üçün çox vacibdir.
Burada performansımızın zirvəsində olmalıyıq, çünki hər sessiyanı mükəmməl formada keçsək, yaxşı nəticələr əldə edə bilərik”.
Qeyd edək ki, İspaniya Qran Prisi Ferrari komandasının sürücüsü Karlos Sayns üçün vacibdir, çünki Barselona onun ev yarışıdır.
Frederik Vassyör düşünür ki, Karlos Saynsın azarkeşlərinin dəstəyindən əlavə güc alacaqlar və bu da onlara əlavə motivasiya gətirəcək.

Rauf Hacıyev

Şərh əlavə et