Kokpit.az bildirir ki, həftəsonu başlamazdan əvvəl burada açıq favorit kimi heç kimin adını çəkmək mümkün olmayıb – bu özünü sərbəst yürüşlərdə də göstərib. Sıralanma turundan əvvəl yağış yağma ehtimalı 80% qiymətləndirilsə də, bu baş verməyib və mübarizə quru hava şəraitində başlayıb.
İlk sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Norris bir-neçə damcının düşdüyünü mühəndisinə bildirib. Sayns ya bu, ya da sürəti düz seçməmək səbəbindən trasdan çıxıb və geri qayıdıb. Ən sürətli nəticəni göstərən sürücülər tez-tez bir-birilərini əvəzləyiblər. Nəhayət ən yaxşı nəticə Ferstappendən gəlib – 1:12.360. Ona ən yaxın nəticəni Tsunoda göstərib. Çjou, Hülkenberq, Okon, Bottas və təəccüblü olsa da, Peres mübarizəni dayandırıb.
İkinci sessiyada başlamazdan əvvəl sürücülər yağış ehtimalı barədə məlumatlandırılıblar. Hamı pit-leynə düzülüb və mümkün qədər tez trasa çıxmaq üçün tələsib. Yenə hamı Soft təkərləri seçib. Yenə sürətli dövrələr bir-birini əvəzləyib. Rassell ikinci cəhdində ciddi səhvə yol verib, lakin böyük qəzadan yayına bilib. Sona yaxın yeni təkərlərlə növbəti dövrələrinə başlayıblar və Norris 1:12.201 ilə protokollara başçılıq edib. Qasli, Maqnussen və Sarcentlə yanaşı, sensasiyalı şəkildə Ferrari sürücüləri də ilk onluğa düşə bilməyiblər.
Son sessiyada ilk olaraq McLaren sürücüləri trasa çıxıb. Bu dəfə hamı işlənmiş qırmızı təkərlərlə boksları tərk edib. İlk cəhddən sonra hamı pitə qayıdıb, Piastri təzə təkərlərə keçib. Rassell 1:12.000-lıq nəticə ilə ldierliyə yüksəlib. Dövrəsinə yaxşı başlayan, lakin son sektorda əvvəlki nəticəsindən daha yavaş olan Ferstappen də maraqlı şəkildə eyni nəticəyə imza atıb.
Corc Rassell mövsümdə ilk, karyerasında ikinci poulunu qazanıb. Maks Ferstappen eyni nəticəni daha gec göstərdiyi üçün sabahkı yarışa ikinci yerdən başlayacaq. McLaren sürücüləri startda ikinci cərgədə qərarlaşacaqlar. Bu gün əla sıralanma turu keçirən Daniel Rikkardo ilə yanaşı, Fernando Alonso da üçüncü cərgədən start alacaqlar.
Sabah bizi olduqca gərgin və maraqlı yarış gözləyir…
Şərh əlavə et