Kokpit.az bildirir ki, startdan əvvəl yağış yağıb, sonra dayanıb və qırmızı işıqların yanmasına az qalmış yenidən çiskin olub. Buna görə də, peletondakı 18 sürücü keçid təkərləri ilə start almağa qərar verib. Yalnız Haas sürücülərinin maşınına yağış təkəri taxılıb.
Yarışa ilk cərgədən dünən eyni nəticəni göstərmiş Corc Rassell və Maks Ferstappen, ikinci cərgədən isə McLaren sürücüləri başlayıblar. Trasın bəzi yerlərində hələ də yağış yağmasına baxmayaraq, yarışın başlamasına qərar verilib.
Startda ilk dördlük mövqeyini qoruyub. Rikkardo yerindən ləng tərpənib. Yağış təkərində olan Maqnussen bir-bir rəqiblərini keçməyə başlayıb və 14-cü yerdən başladığı yarışın hələ ikinci dövrəsində 5-ci yerə qədər dırmanıb. Sayns 15-ci yerə geriləyib.
Maqnussen Piastrini də keçərək Norrisə çatıb. Leklerə mühərrikdə anlaşılmaz problem olduğu, lakin tam templə sürməyə davam etməsi deyilib. Sarcent 6-cı dövrədə trasdan çıxıb və sarı bayraqlar dalğalanıb, lakin amerikalı sürücü yoluna davam edə bilib.
Trasın getdikcə quruması nəticəsində Haas sürücülərinin tempi xeyli aşağı düşüb. Onlar məcburi şəkildə erkən pit-stop edərək yaşıl təkərlərə keçiblər və qazandıqları mövqeləri itiriblər. Kevinin pit-stopu komanda tam hazır vəziyyətdə olmadığı üçün xeyli uzun çəkib.
Rikkardoya startda qayda pozmasına görə 5 saniyəlik cəza verilib. Trasda quru zolaq aydın seçilməyə başlayıb. Rassellə 20 dəqiqə sonra sliklərə keçməyin mümkünlüyü barədə məlumat verilib. 15 dövrədən sonra ilk onluq: Rassell – Ferstappen – Norris – Piastri – Alonso – Həmilton – Rikkardo – Stroll – Lekler – Tsunoda.
Həmilton 5-ci yerdəki Alonsoya nə qədər hücum etsə də, təcrübəli ispan sürücü onları məharətlə dəf edib. Ferstappen Rassellə yaxınlaşıb və liderlik üçün hücuma keçməyə çalışıb. Lakin səhvə yol verərək döngəni kəsib və britaniyalı sürücü 2 saniyədən çox fərq aça bilib.
18-ci dövrədə DRS-ə icazə verilib. Bir qədər sonra isə 10 dəqiqə ərzində yağış yağacağı bildirilib. Norris DRS-dən əla istifadə edərək Ferstappeni geridə qoyub. Bir qədər sonra isə Corcu da keçən Lando liderliyə yüksəlib. Mercedes-in sürücüsü səhvə yol verib və Maks da bundan yararlanaraq ikinciliyini bərpa edib.
Elbon və Tsunoda Lekleri ötüblər. 25-ci dövrədə əvvəlcə sarı bayraqlar dalğalanıb, ardınca isə Təhlükəsizlik Maşını trasa çıxıb. Buna səbəb Sarcetin 4-cü döngədə yerində fırlanaraq dayanması olub. Bir çoxları fürstədən istifadə edərək təkərlərini dəyişiblər.
Lakin Rikkardo və TM trasa çıxarkən artıq pit girişini keçən Norris növbəti dövrədə bu addımı atıblar, bir neçə mövqe itirərək trasa qayıdıblar. Həmilton da Alonsonu qabaqlayıb. Tsunoda və Okon pit-stop etməyiblər. Restartdan əvvəl ilk onluq: Ferstappen – Rassell – Norris – Piastri – Həmilton – Alonso – Tsunoda – Stroll – Okon – Rikkardo.
Lekler də pit-stop edib, lakin xeyli ləngiyib. Buna səbəb monakolu sürücünün maşınına son anda sliklər taxmaq qərarının verilməsi olub. Restart verilib və hamı yerini qoruyub. Lekler isə quru təkərlərlə çox vaxt itirib və etirazını bildirib. Bir qədər sonra yenidən pitə qayıdaraq yaşıl təkərlərə keçməyə məcbur olub.
Elbon son şikana möhtəşəm ötmə edərək Okon və Rikkardonu geridə qoyub. Stüardlar Sayns, Rikkardo və Bottasla bağlı insidenti araşdırmağa başlayıblar, lakin heç kimə cəza verilməyib. Mühəndisi Rikkardoya tempi artırmağı tapşırıb. Hülkenberq Çjounu üstələyib.
40-cı dövrədə tras kifayət qədər quruduğu üçün yenidən DRS-ə icazə verilib. Quru təkərlərinə keçən ilk sürcü Qasli olub. Norris birinci döngədə səhvə yol verib. Maqnussen və Bottas da Medium təkərlərə keçiblər. Lekler 43-cü dövrədə güc qurğusundakı problemə görə mübarizəni tərk edib. Hamı sliklərə keçməyə başlayıb. İlk üçlükdən Ferstappen və Rassell bu addımı atıb, Norris liderliyə qalxıb.
Ferstappen Hard, Rassell isə Medium təkərlərə keçib. Norris keçid təkərləri ilə 2 əla dövrə vurduqdan sonra pit yoluna üz tutub. Trasa demək olar ki, lider qayıtsa da, artıq təkərlərini qızdırmış Maks onu dərhal keçib. 49-cu dövrədə Lando səhvə yol verib və həmyerlisi Corc bu fürsəti qaçırmayaraq ikinci yerə yüksəlib.
Maks maşından şikayətlənib. Bir qədər sonra səhv etmək növbəsi Rassellə çatıb və Norris sakitcə yanından keçərək bir qədər əvvəl itirdiyi mövqeni özünə qaytarıb. Bir qədər sonra TM yenidən trasa çıxıb, buna da səbəb Elbonla Saynsın təmasından sonra Ferrari-nin ikinci sürücüsünün də yarışı yarımçıq dayandırması olub. Maylander trasdan 58-ci dövrədə çıxıb.
Okon təkər problemi olan Tsunodakı keçib. Piastri mövqeyini qoruyub saxlaya bilməyib və Mercedes sürücülərindən geri qalıb. Tsunoda yerindən fırlanaraq 14-cü yerə qədər geriləyib.
Maks Ferstappen mövsümdə 6-cı, karyerasında isə 60-cı qələbəsini bayram edib. İkinci yeri Lando Norris tutub. Corc Rassell isə podiumu tamamlayıb. Kanada Qran Prisi olduqca maraqlı və rəngarəng keçib. Sırada isə 2 həftə sonra keçidlərin çətin olduğu Barselona trasında keçiriləcək İspaniya Qran Prisi var…
Sıra | Sürücü | Komanda | Vaxt | Pit |
1 | Maks Ferstappen | Red Bull | 1:45:47.927 | 2 |
2 | Lando Norris | McLaren | +3.879 | 2 |
3 | Corc Rassell | Mercedes | +4.317 | 3 |
4 | Lyuis Həmilton | Mercedes | +4.915 | 3 |
5 | Oskar Piastri | McLaren | +10.199 | 2 |
6 | Fernando Alonso | Aston Martin | +17.510 | 2 |
7 | Ləns Stroll | Aston Martin | +23.625 | 2 |
8 | Daniel Rikkardo | RB | +28.672 | 2 |
9 | Pyer Qasli | Alpine | +30.021 | 2 |
10 | Esteban Okon | Alpine | +30.313 | 1 |
11 | Niko Hülkenberq | Haas | +30.824 | 3 |
12 | Kevin Maqnussen | Haas | +31.253 | 4 |
13 | Valtteri Bottas | Sauber | +40.487 | 1 |
14 | Yuki Tsunoda | RB | +52.694 | 1 |
15 | Quanyu Çjou | Sauber | +1 dövrə | 3 |
Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:14.856 (70-ci dövrə, 209.730 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR
Pilot | Komanda | Dövrə | Səbəb |
Karlos Sayns | Ferrari | 53 | qəza |
Aleksander Elbon | Williams | 53 | qəza |
Serxio Peres | Red Bull | 52 | qəza |
Şarl Lekler | Ferrari | 42 | güc qurğusu |
Loqan Sarcent | Williams | 24 | qəza |
SÜRÜCÜLƏR ÇEMPİONATI
Sıra | Pilot | Komanda | Xal |
1 | Maks Ferstappen | Oracle Red Bull Racing | 194 |
2 | Şarl Lekler | Scuderia Ferrari | 138 |
3 | Lando Norris | McLaren F1 Team | 131 |
4 | Karlos Sayns | Scuderia Ferrari | 108 |
5 | Serxio Peres | Oracle Red Bull Racing | 107 |
6 | Oskar Piastri | McLaren F1 Team | 81 |
7 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 69 |
8 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 55 |
9 | Fernando Alonso | Aston Martin Aramco F1 Team | 41 |
10 | Yuki Tsunoda | Visa Cash App RB F1 Team | 19 |
11 | Ləns Stroll | Aston Martin Aramco F1 Team | 17 |
12 | Daniel Rikkardo | Visa Cash App RB F1 Team | 9 |
13 | Oliver Birman | Scuderia Ferrari | 6 |
14 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 6 |
15 | Pyer Qasli | BWT Alpine F1 Team | 3 |
16 | Aleksander Elbon | Williams Racing | 2 |
17 | Esteban Okon | BWT Alpine F1 Team | 1 |
18 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU
Sıra | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 301 |
2 | Scuderia Ferrari | Ferrari | 252 |
3 | McLaren F1 Team | Mercedes | 212 |
4 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 124 |
5 | Aston Martin Aramco F1 Team | Mercedes | 58 |
6 | Visa Cash App RB F1 Team | Honda RBPT | 28 |
7 | MoneyGram Haas F1 Team | Ferrari | 7 |
8 | BWT Alpine F1 Team | Renault | 5 |
9 | Williams Racing | Mercedes | 2 |
Şərh əlavə et