Xəbəri Kokpitdə Oxuyun!

Mercedes iki sürücüsünə də yeni ön qanad verəcək

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, Monreal yarışında hər iki sürücü yeni ön qanad veriləcək.

Kokpit.az xatırladır ki, Mercedes komandası Monakoya yeni ön qanad gətirmiş və bu ön qanaddan sadəcə Corc Rassell istifadə etmişdi.

Toto Volff: “Monakoda cəsarətverici həftəsonu keçirdik. Çox yaxşı inkişaf etdik və bolidin ümumi balansını yaxşılaşdırdıq. Bunun hesabına öndəkilərə bir addım da yaxınlaşdıq.

Bu inkişaf tutduğumuz yerdə özünü göstərməsə də, ən sürətli maşınlarla fərqi bağlamağa davam edə bilsək, tezliklə yuxarı yerləri də tutacağıq.

Hər iki sürücümüz də Kanadada yenilənmiş ön qanada və bu yarış üçün planlaşdırılmış yeniliklərə sahib olacaq. Bu ön qanad hesabına Monako küçələrində bir az vaxt qazandıq və növbəti yarışlarda da bizə fayda verməsini gözləyirik. Lakin peletonda ön tərəfdə inanılmaz rəqabət var. Maşınlar bir-birlərinə yaxınlaşırlar və digər komandaların da inkişaf edə biləcəyini düşünürük. Özümüzü o qrupa salmaq üçün çoxlu işləməyə davam edəcəyik.

Monreal əla trasdır. Aşağı sürətli döngələr və yüksək sürətli döngələrin qarışığıdır. Buna görə də orada gözəl yarışlar olur. Azarkeşlər yarışı çox sevirlər və Monreala qayıtdığımız üçün çox sevincliyik. Orada gözəl xatirələrimiz çoxdur. Ümid edirəm ki, bu həftəsonu bunlara yenilərini əlavə edə bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et