Xəbəri Kokpitdə Oxuyun!

Ə.Nyui: Qumar oynadım

Ədrian Nyui gələn ilin əvvəlində ayrılmağa hazırlaşdığı Red Bull komandasına qatılması barədə danışıb.

Kokpit.az bildirir ki, aerodinamikanın atası 2006-cı ildə McLaren komandasından ayrılaraq, Red Bull-a keçmişdi. Lakin o vaxt “qırmızı öküzlər” təzə-təzə çempionata gəlmişdilər və əksəriyyət yeni gəlmiş bu komandanı ciddiyə almırdı. Buna görə də hamı düşünürdü ki, Ədrian Nyui bu komandaya gəlməklə karyerasını bitirib.

2006-cı ilin Monako yarışında Devid Kulthard Red Bull komandasına ilk dəfə podium qazandırmış və komandanın rəhbəri Kristian Horner qırmızı xalatla hovuza atlanmışdı.

Sonrakı illərdə isə Red Bull Ədrian Nyuinin texniki rəhbərliyində 118 qələbə, yeddi Sürücülər, altı Mühəndislər Çempionluğu qazanıblar. Lakin britaniyalı mühəndis 19 ildən sonra Red Bull-dan ayrılmaq qərarına gəlib. O, gələn ilin ilk rübündə “qırmızı öküzlər”in sıralarını tərk edəcək. Onunla Ferrari, Aston Martin və Williams komandaları maraqlansa da, ortada heç bir razılıq yoxdur.

Ədrian Nyui: “10 qələbə qazanmış McLaren-dən ayrılaraq şənlik komandası kimi tanınan Red Bull-a keçməyimi əksəriyyət intihar kimi dəyərləndirirdi.

Birinci yarışı qazanmaq, Sebastyan Fettel və Mark Vebberlə ilk iki yeri tutmaq, daha sonra 2010-cu ildə ilk Dünya Çempionluğunu qazanmaq və sonra qazandıqlarımız… Bütün bunlardan sonra ayrılıq qərarı almaq çox çətin oldu.

Bəzi səbəblərə görə bu qərarı vermək çox çətin oldu. Amma komanda artıq böyüyüb və çox yaxşı işləyir. Bu da mənə fürsət verir ki, buradan uzaqlaşıb yeni meydan oxumalara gedim. Komanda da artıq öz başına uça bilər.

Ayrılanda 3 dəfə nitq dedim. Mayami trasında mühəndislik otağında, boksda Mikton Kindəki bazada olmaqla 3 dəfə nitq dedim. Mənim üçün çox emosional idi, çünki demək olar ki, komanda qurulandan burada idim və Hornerin komandanı təkmilləşdirməsində çox yaxından iştirak etmişdim.

Kristian Horner daha çox ümumi idarəetmədə idi. Mən isə mühəndislik və komanda ənənəsindən, bazadan, hətta binanın quruluşundan məsul idim. Red Bull-a gələrək karyeramla böyük qumar oynadım”.

Rauf Hacıyev

Şərh əlavə et