Kokpit.az xatırladır ki, monakolu sürücü daha əvvəl 2o21 və 2022-ci illərdə burada poul qazansa da, sonda qələbəyə sevinə bilməmişdi. 25 yaşlı sürücü dünən Monte Karlonun dar küçələrində üçüncü dəfə poul qazandıqdan sonra yarış ərzində ehtiyatlı sürüb və vətənində ilk dəfə qələbəyə sevinib.
Bununla da Şarl Lekler 2022-ci ilin Avstriya yarışından sonra ilk dəfə yarış qazanıb. Ferrari isə 2017-ci ildən sonra Monakoda ilk qələbəsini bayram edib.
Pirelli bura yumşaq trionu – C3, C4 və C5 təkərlərini gətirib. Rassell, Ferstappen, Həmilton, Okon, Stroll, Alonso, Sarcent, Peres, Bottas və Maqnussen sərt, qalanları isə orta təkərləri seçiblər.
Yarışa ilk cərgədən Lekler və Piastri, ikinci cərgədən Sayns və Norris, üçüncü cərgədən isə Rassell və Ferstappen başlayıblar. Haas sürücüləri DRS idarəetmə elementinin mövqeyinin dəyişdirilməsi üçün icazə verilən 85 mm keçildiyi üçün sıralanma turundan xaric ediliblər. Lakin yarışa pit yolundan başlamaq şərti ilə buraxılıblar.
Startda Lekler yerini qoruyub, Piastriyə hücum edən Saynsın təkəri deşilib və dördüncü döngədə dönə bilməyib. Lakin bəxti gətirib – elə bu anda Haas sürücüləri ilə Peresin qəzası qırmızı bayraqlarla nəticələnib və nəticədə Sayns yer itirməmiş olub.
Alpine sürücüləri tunelin girişində toqquşublar və yarış Okon də üçün başa çatıb. Hamı pit yoluna qayıdıb. Marşallar hər nə qədər cəld hərəkət etsələr də, restart üçün 40 dəqiqə vaxt lazım olub. Yenidən startda ilk onluq: Leller – Piastri – Sayns – Norris – Rassell – Ferstappen – Həmilton – Tsunoda – Elbon – Qasli.
Yarışa Hard təkərlə başlayan Corc Rassell, Maks Ferstappen, Lyuis Həmilton, Ləns Stroll və Fernando Alonso hard təkərdən Medium təkərə keçiblər. Şarl Lekler, Oskar Piastri, Karlos Sayns, Lando Norris və digər Medium təkərlə yarışa start verən sürücülər isə Hard təkər götürüblər. Bu isə o demək idi ki, komandalar sona qədər pitə girməyə bilərlər.
Yarış yenidən yerindən startla başlayıb və bundan sonra Şarl Lekler yarışa nəzarət etməyə başlayıb. Monakolu sürücü öz ölkəsində aşağı templə sürüb və fərqlərin artmasına, fərqli strategiyaların ortaya çıxmasına mane olub. Yarışın sonlarında Lyuis Həmilton və Maks Ferstappen pitə gələrək yeni təkərlərə keçsələr də, bu onlara kömək etməyib. Maks Ferstappen köhnə təkərli Corc Rassellə çatıb hücumlar edib, amma faydası olmayıb.
Eynilə, Alonso da yavaşlayaraq arxasındakı sürücüləri ləngidib və komanda yoldaşı Strollun mövqe itirmədən pit-stop etməsinə şərait yaradıb. Lakin kanadalı sürücü təkər deşilyidi üçün yenidən pit yoluna getməli və Soft təkərə keçməli olub.
Son 10 dövrədə isə Lekler qaz pedalını döşəməyə qədər basmağa başlayıb və ən yaxın rəqibi Piastri ilə fərqi 7 saniyəyə qədər qaldıraraq, qalib gəlib.
Oskar Piastri ikinci, Karlos Sayns üçüncü olaraq podiumu tamamlayıblar. Ümumilikdə isə yarış darıxdırıcı keçib və ilk onluq yarışı başladığı yerlərdə bitiriblər. Lando Norris dördüncü, Corc Rassell beşinci, Maks Ferstappen altıncı, Lyuis Həmilton yeddinci, Yuki Tsunoda səkkizinci, Aleks Elbon doqquzuncu, Pyer Qasli isə onuncu yerləri tutublar. Bununla da Aleks Elbon və Pyer Qasli mövsümdəki ilk xallarını qazanıblar. Williams komandası da mövsümdəki ilk xallarını elə əfsanəvi Monte Karloda bayram edib.
İlk dövrədə Serxio Peres, Niko Hülkenberq, Kevin Maqnussen insidentinə heç bir cəza çıxmayıb. Esteban Okona isə komanda yoldaşı Pyer Qasli ilə yaşadığı insidentə görə 10 saniyə zaman cəzası verilib. Okon mübarizəni dayandırdığı üçün bu cəza növbəti yarışda startda 5 yer itirmək cəzası ilə əvəzlənib.
Növbəti yarış isə iyunun 9-da Kanadada baş tutacaq.
Sıra | Sürücü | Komanda | Vaxt | Pit |
1 | Şarl Lekler | Ferrari | 2:23:15.554 | 1 |
2 | Osklar Piastri | McLaren | +7.152 | 1 |
3 | Karlos Sayns | Ferrari | +7.585 | 1 |
4 | Lando Norris | McLaren | +8.650 | 1 |
5 | Corc Rassell | Mercedes | +13.309 | 1 |
6 | Maks Ferstappen | Red Bull | +13.853 | 2 |
7 | Lyuis Həmilton | Mercedes | +14.908 | 2 |
8 | Yuki Tsunoda | RB | +1 dövrə | 1 |
9 | Aleksander Elbon | Williams | +1 dövrə | 1 |
10 | Pyer Qasli | Alpine | +1 dövrə | 1 |
11 | Fernando Alonso | Aston Martin | +2 dövrə | 1 |
12 | Daniel Rikkardo | RB | +2 dövrə | 1 |
13 | Valtteri Bottas | Sauber | +2 dövrə | 2 |
14 | Ləns Stroll | Aston Martin | +2 dövrə | 3 |
15 | Loqan Sarcent | Williams | +2 dövrə | 2 |
16 | Quanyu Çjou | Sauber | +2 dövrə | 2 |
Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:14.165 (63-cü dövrə, 161.979 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR
Pilot | Komanda | Dövrə | Səbəb |
Esteban Okon | Alpine | 1 | qəza |
Serxio Peres | Red Bull | 1 | qəza |
Niko Hülkenberq | Haas | 1 | qəza |
Kevin Maqnussen | Haas | 1 | qəza |
SÜRÜCÜLƏR ÇEMPİONATI
Sıra | Pilot | Komanda | Xal |
1 | Maks Ferstappen | Oracle Red Bull Racing | 169 |
2 | Şarl Lekler | Scuderia Ferrari | 138 |
3 | Lando Norris | McLaren F1 Team | 113 |
4 | Karlos Sayns | Scuderia Ferrari | 108 |
5 | Serxio Peres | Oracle Red Bull Racing | 107 |
6 | Oskar Piastri | McLaren F1 Team | 71 |
7 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 54 |
8 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 42 |
9 | Fernando Alonso | Aston Martin Aramco F1 Team | 33 |
10 | Yuki Tsunoda | Visa Cash App RB F1 Team | 19 |
11 | Ləns Stroll | Aston Martin Aramco F1 Team | 11 |
12 | Oliver Birman | Scuderia Ferrari | 6 |
13 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 6 |
14 | Daniel Rikkardo | Visa Cash App RB F1 Team | 5 |
15 | Aleksander Elbon | Williams Racing | 2 |
16 | Esteban Okon | BWT Alpine F1 Team | 1 |
17 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 1 |
18 | Pyer Qasli | BWT Alpine F1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU
Sıra | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 276 |
2 | Scuderia Ferrari | Ferrari | 252 |
3 | McLaren F1 Team | Mercedes | 184 |
4 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 96 |
5 | Aston Martin Aramco F1 Team | Mercedes | 44 |
6 | Visa Cash App RB F1 Team | Honda RBPT | 24 |
7 | MoneyGram Haas F1 Team | Ferrari | 7 |
8 | Williams Racing | Mercedes | 2 |
9 | BWT Alpine F1 Team | Renault | 2 |
Şərh əlavə et