Xəbəri Kokpitdə Oxuyun!

Legend Cars Challenge Baku-da qalib müəyyən olub

25 mayda Azərbaycanda ilk dəfə Legend Car-ların yarışı keçirilib. Burada Gülhüseyn Abdullayev, Murad Həsənov, Elçin Həsənov, Fərid Quliyev, Adil Axundov, Rəhman Şixəliyev, Fəxri Əsədov, Elvin Xudaverdiyev, Hamlet İsayev kimi sürücülər final mərhələsində güclərini sınayıblar. 

Əslində yarışdan əlavə burada azarkeşlərə  müxtəlif avtomobil brendlərinin – Haval, Alfa Romeo və s. maşınlarını test etmək imkanı verilib. Bundan sonra sürücülər drift etmək üçün trasa çıxıblar və izləyicilərə gözəl şou göstəriblər.

Nəhayət sıralanma turu başlayıb. Qızğın mübarizə şəraitində keçən sıralanma turunda poulu Gülhüseyn Abdullayev əldə edib. Sabiq Formula 3 pilotu burada da öz hünərini göstərməklə yarışa birinci yerdən başlamaq şansı qazanıb.

Lakin yarış heç də onun istədiyi kimi getməyib. Startdan sonra səhv edərək yerində fırlanan Quka 6-cı yerə qədər geriləyib. Amma Gülhüseyn Abdullayev təslim olmayıb və rəqiblərini ötə-ötə üçüncü yerə yüksəlib. İkinci yeri Murad Həsənov tutub. Birinci yerdə isə Elçin Həsənov qərarlaşıb.

Yarışdan sonra sürücülər mükafatla təltif olunublar. Onları Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacı, Bakı Şəhər Halqasının direktoru Maqsud Fərzullayev, Azərbaycan Avtomobil Federasiyasının Prezidenti Anar Ələkbərov təltif edib.

Mükafatlandırmadan sonra azarkeşlər yenidən Alfa Romeo və Haval avtomobillərini test etmək imkanına yiyələniblər. Bundan başqa sürücülər drift göstərərək, avtoidman sevərləri feyziyab ediblər.

Rauf Hacıyev

Şərh əlavə et