Xəbəri Kokpitdə Oxuyun!

Lekler Ferstappenin poul seriyasını qırıb

Sıralanma turu Monakoda ən vacib sessiyadır – dar şəhər trasında ötmələr, hələ xüsusilə böyük müasir maşınlarla mümkünsüzə yaxındır. Son 20 yarışda burada 12 dəfə pouldan başlayan sürücü yekunda qələbəni əldə edib.

Kokpit.az xatırladır ki, ilk məşqlərdə Lyuis Həmilton, növbəti iki məşq sessiyalarında isə Şarl Lekler ptorokollara başçılıq edib.

Burada uğur və uğursuzluq arasında çox incə bir xətt var – sürətli dövrə vurmaq üçün çox yaxından keçməli olduğun səddlər 1 sm-lik səhvlə mübarizənin sonu da ola bilər. Bu həftəsonu baş tutan sərbəst yürüşlərdə bir neçə dəfə qırmızı bayraqlara müraciət edilib.

Pirelli bura adəti üzrə yenə də C3, C4 və C5 təkərlərini gətirib. Qısa şəhər trasında təkərləri qızdırmaq o qədər də asan deyil.

İlk sessiyada hamı Soft təkərlərlə mübarizəyə başlayıb. Tıxac maneələr törədib. Hamı önündə boşluq yaratmağa çalışıb ki, bu da vəziyyəti bir qədər də çətinləşdirib. Sürücülər dəfələrlə birbirlərinə mane olublar və sürətli dövrə cəhdləri boşa çıxıb. Buna görə də sonra yenidən aşınmış təkərlə yoxlamalı olublar. Stüardlar bir neçə belə insidenti nəzarətə götürüb. Sıx nəticələr arasında ən yaxşısı Corc Rassellinki olub – 1:11.492. Çjou, Bottas, Peres, Sarcent və Alonso mübarizəni dayandırıblar.

İkinci sessiyada sürətlər və təbii ki, səhvlər artıb. Hülkenberq ilk döngənin çıxışında arxa təkərini baryerə vurub. Maqnussen dördüncü döngədə Okona mane olub. Bu dəfə Norrisin 1:10.732-lik nəticəsi ən yaxşı olub. Maqnussen, Stroll, Rikkardo, Hülkenberq və Okon sabahkı yarışa 10-15-ci yerlərdə başlamağa razı olmaq məcburiyyətində qalıblar.

Son sessiyada Lekler ilk cəhdində hamını üstələyib. Monakolu sürücü ikinci cəhdində nəticəsini daha da inkişaf etdirib. Ferstappen həlledici dövrəsində çox ciddi səhvə yol verərək baryerlə təmas edib və belə kritik sıralanma turunda yalnız 6-cı nəticə göstərərək uğurlu seriyasını davam etdirə bilməyib.

Şarl Lekler mövsümdə ilk, karyerasında isə 24-cü poulunu bayram edib. Sabah onun doğma publika qarşısında mövsümdəki ilk poulunu ilk qələbəyə çevirmək üçün real imkan var. Yarışa onun yanından Oskar Piastri başlayacaq – gənc avstraliyalı keçən yarışın sıralanma turunda da ikinci olsa da, yeritirmə cəzası ucbatından karyerasında ilk dəfə ilk cərgədən başlamaq şansını qaçırmışdı. İkinci cərgədən Karlos Sayns və Lando Norris, üçüncü cərgədən isə Corc Rassell və Maks Ferstappen start alacaqlar…

Sabahkı yarış sürprizlərlə dolu da ola bilər, olduqca darıxıdırıcı da. Bütün suallara cavab sabah 17:00-da başlayacaq yarışda tapılacaq…

 

Elçin Zodorov

Şərh əlavə et