Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Maksimum nəticə qazandım

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, İmolada 6-cı olaraq maksimumu əldə ediblər.

Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu yarışa 8-ci yerdən başlasa da, yaxşı startla Yuki Tsunodanı keçərək, 7-ci yerə yüksəlib. O, daha sonra komanda yoldaşə Rasselin dalınca düşüb. Bundan sonra işlər bir az Həmilton üçün tərs gedib. O, çınqıllı zonaya çıxaraq, çox vaxt itirib. Yarışın sonlarında isə Rassell gözlənilmədən ikinci dəfə pitə girib və bundan sonra Lyuis 6-cı yerə yüksəlib.

Lyuis Həmilton: “Xal aldıq və bu yaxşı haldır. Heç kimin olmadığı bir yerdəyik. Amma burada maksimum nəticəmiz elə bu idi”.

Mercedes komandası bu il ilk 7 yarışdan sonra hələ də podiuma yüksələ bilməyib. Lakin 39 yaşlı sürücü yenə də nikbindir.

Lyuis Həmilton: “Çətin olduğunu düşünmürəm. Hazırda geridəyik. Bacardığınız qədər yaxşı nəticə göstərmək üçün əlinizdən gələni etməlisiniz. Bizim üçün də maksimum bu idi”.

Rauf Hacıyev

Şərh əlavə et