Xəbəri Kokpitdə Oxuyun!

Bakıda yeni həyəcan – Legend Cars Challenge Baku

Azərbaycana yeni yarış növü – Legend Car Challenge Baku gəlir. Mayın 25-də Test və Təlim mərkəzində ilk dəfə Legend Car-ların mübarizəsi baş tutacaq.

Əfsanələrin yarışı olan Legend Cars Challenge Baku –  Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, Caspian Event Organisers və Bakı Şəhər Halqasının həmtəşkilatçılığı ilə Test və Təlim Mərkəzində keçiriləcək. Burada yarışdan əlavə drift şou, avtomobil sərgisi, sərgidəki maşınların test sürüşləri baş tutacaq. Tədbir saat 10:00-da başlayacaq və 19:00-da başa çatacaq.  Azarkeşlər bilet alaraq, bu meydan oxumanı daha yaxından izləməyə gələ bilərlər. Biletlər isə İticket.az saytında satılır. Bəs Legend Car nədir?

Legend Car nədir?

Bu seriya ilk dəfə 1992-ci ildə təşkil edilib. Legend Car maşınları klassik avtomobillərin miniatür formasıdır və Yamaha-nın motosiklet motorları ilə təchiz olunublar. Maşınlar mexaniki ötürmələr qutusu ilə işləyirlər. Ümumilikdə isə bu maşınların texniki göstəriciləri bir-birlərinə çox yaxındırlar. Yəni ki, bu yarışın taleyini sürücünün istedadı həll edir.

Legend Car-ın təməli 1992-ci ildə ABŞ-da qoyulub. Bu seriya ABŞ-dan sonra Dünyanın müxtəlif yerlərinə – Böyük Britaniyada, Şimali Avropada, Qərbi Avropada, Avstraliyada, Gürcüstanda, Meksikada təşkil edilib və azarkeşlərin marağına səbəb olub.

Maşınların texniki parametrləri

Maşınların təkər bazası 1854 millimetr, ümumi genişliyi 1524 millimetr, ümumi uzunluq 3200 millimetr, boyu 1168 millimetrdir. Motorların həcmi 1200 və ya 1250 cc olur. Maşının çəkisi sürücü ilə birlikdə 590 kiloqramdır və 140 at gücü qüvvəsindədir. Maşının maksimum sürəti isə 200 kilometr/saatdır.

 

Maşınlar isə əsasən bu avtomobillərdən – 1934-cü ilin Chevrolet Coupe, Ford Sedan və Ford Coupe, 1937-ci ilin Chevrolet Sedan, Dodge Coupe, Ford Sedan,  Dodge Sedan – ilhamlanıb.

Məşhurların Legend Car macərası

Bütün bunlardan başqa bəzi NASCAR sürücüləri Legend Car yarışlarında da iştirak ediblər. Bu sürücülər arasında Brennan Pul, Kris Buşer, Rayan Bleyni, Rid Sorenson, Co Loqano, Kili Buş və Kurt Buş da var.

 

Rauf Hacıyev

Şərh əlavə et