Xəbəri Kokpitdə Oxuyun!

Halo yüngülləşdirilə bilər

FİA Formula 1 maşınlarının çəkisini azaltmaq üçün 2026-cı ildən etibarən yeni yüngül halolara keçə bilər və bunun üçün layihə də elan olunub.

Kokpit.az xatırladır ki, 2026-cı ildən etibarən Formula 1-də yeni motor reqlamenti olacaq. FİA artıq getdikcə ağırlaşan və hazırsa minimum çəkisi 798 kiloqram olan maşınların çox ağır olduğunu qəbul edir.

FİA bolidlərin çəkilərini azaltmaq üçün halonun çəkisini yeddi kiloqramdan 6 kiloqrama salmaq istəyir. Buna görə də çəkisi 6 kilo olan yeni titan halo üçün layihə açıq elan edilib.

Bundan başqa 16 düyməlik təkərlərə keçiddən imtina olunub. Yoxsa bu hədəfə daha çox dəyişikliklə çatmaq olardı.

Yenə də maşınları kiçildərək çəkinin azaldılması hədəflənir. 2026-cı il maşınlarının təkər bazasının 3600 millimetrdən 3400 millimetrə düşürülməsi gözlənilir. Bundan başqa maşınlar 10 santimetr daraldılacaq. Yəni ki, en 2000 millimetrdən 1900 millimetrə salınacaq.

Bundan başqa asfaltayatma qüvvəsinin də azaldılması plandadır. Belə olan halda çəki bir az da azalacaq, çünki maşının funksiyalarına daha az təzyiq düşdükdə onları belə gücləndirmək lazım olmayacaq.

Nikolas Tombazis bu barədə belə danışıb: “Aşağı asfaltayatma qüvvəsinə görə asılqan kimi funksiyalara daha az yük düşəcək. Bu da maşınların çəkisinin azalmasını təmin edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et