Xəbəri Kokpitdə Oxuyun!

Sıralanma turlarının kralı dəyişmir

Gətirilən yeniliklərin hamısının ideal işləməməsi güc balansı dəyişikliklərinə səbəb olub. Bu dəyişikliklər tiffozilərin xoşuna gəlib.

Kokpit.az xatırladır ki, cümə günü hər iki məşqdə Şarl Lekler, bugünkü son sərbəst yürüşlərdə isə Oskar Piastri protokollara başçılıq edib.

Pirelli ən yumşaq üçlüyü, yəni C3, C4 və C5 tərkiblərini gətirib, lakin buna rəğmən sürücülər asfaltla ilişmənin olmamasından şikayətləniblər. Təkər təchizatçısı əvvəlcə tərkiblər arasında yarım saniyəlik vaxt proqnozlaşdırıblar, lakin trasın vəziyyəti düzəldikcə, bu fərq də əriyib.

İlk sessiyada Ferrari sürücüləri ilə Rassell orta, qalanları isə yumşaq təkərlərlə mübarizəyə başlayıblar. Norris son döngədə səhvə yol verib, Sarcent isə 6-cı döngədə çınqıllığa girib. Son məşqlərdə qəza edərək maşına ciddi zərər vermiş Alonso mübarizəni davam etdirə bilməyib. Onunla yanaşı Sarcent, Maqnussen, Çjou və Bottas da növbəti mərhələyə keçə bilməyiblər. Ən sürətli dövrə isə Ferstappendən gəlib – 1:15.762.

İkinci sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Fertappen və Lekler ardıcıl olaraq ən yaxşı nəticələri göstəriblər, onlara yaxın dövrəni isə Tsunoda vurub. Lakin bu dueldə üstün tərəf bu dəfə də Maks olub – 1:15.176. Sıx nəticələrin müşahidə edildiyi seansda Qasli, Elbon, Stroll, Okon və Peres poul yarışından kənarda qalıblar.

Final sessiyasında Rikkardo ilk cəhdinə çıxmayıb, Ferstappen isə liderliyə yüksəlib. İkinci cəhdində niderlandlı sürücü 1;14.746 ilə daha da əlçatmaz olub. Onu izləyən McLaren sürücülərindən isə Piastri komanda yoldaşını üstələyib.

Maks Ferstappen mövsümdə 7 yarışda 7-ci, ardıcıl 8-ci, karyerasında isə 39-cu pouluna sevinib. Sabah onunla ön cərgədən yarışa başlamalı olan Piastri Maqnusseni əngəllədiyi üçün 3 yer itirməli olacaq və ön cərgədən ötən yarışın qalibi Lando Norris başlayacaq. İkinci cərgə Ferrari sürücülərinin, üçüncü cərgə isə Oskar Piastri və Corc Rassellindir.

Bizi İmolada olduqca maraqlı yarış gözləyir…

Emiliya Romanya Qran Prisi sabah Bakı vaxtı ilə 17:00-da start götürəcək.

Elçin Zodorov

Şərh əlavə et