Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Çox geridəyik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Red Bull İmolada temp olaraq çox geridədir. 

Kokpit.az bildirir ki, Red Bull komandası İmolanın texniki olaraq çətin olan ikinci sektorunda çətinlik çəkib. Üçqat Dünya Çempionu birinci sərbəst yürüşlərdə beşinci, ikinci sərbəst yürüşlərdə isə lider Leklerdən yarım saniyə geridə qalaraq, yeddinci olub. Komanda yoldaşı Serxio Peres isə səkkizinci ola bilib.

Maks Ferstappen sessiya ərzində RB20-nin balansından şikayət edib. Sessiyadan sonra isə yeni ön qanada, yenilənmiş altlığa və arxa tərəf yeniliklərinə baxmayaraq, maşının zəif olduğunu deyib: “Çətin gün idi. Yaxşı balans tapmaq çətin idi və boliddə özümü yaxşı hiss etmirdim. Çox hərəkət edirdim. Bolidin idarəetməsini itirmək asandır. Buna görə də çox şeyin üzərində işləməliyik. Çox pis idik və rahat deyildik. Bundan başqa yarış tempində də zəif idik. Buna görə də rəqabətədavamlı olmaq üçün çox şeyi təkmilləşdirməliyik. Cümə günü çox geridə qaldıq.
Məncə, şənbə günü işlər daha yaxşı olacaq. hər halda heç bir şey cümə günü olan performansımızdan pis ola bilməz, elə deyil? Şənbə günü bəzi şeyləri düzəltməyə çalışacağıq. Lakin rəqiblərimiz sanki önə doğru addım atıblar. Bizim üçün isə çox pis gün idi”.

 

Maks Ferstappen sessiya zamanı Tosadan əvvəl Vilnöv şikanında onu əngəlləyən Həmiltona əsəbiləşib və yeddiqat Dünya Çempionuna əl-qol hərəkətləri edib.

26 yaşlı niderlandlı bu barədə belə danışıb: “Bu ilk dəfə olmur. Əlbəttə, həmişə belə hallarda sakit qalmağa çalışırıq. Amma yenə də bu baş verdi. Digər tərəfdən isə bu barədə çox danışmaq istəmirəm, çünki bugünkü mövzumuz bu deyil”.

Rauf Hacıyev

Şərh əlavə et