Xəbəri Kokpitdə Oxuyun!

C.Batton: Nyui İngiltərədə qalacaq

Formula 1 üzrə 2009-cu ilin Dünya Çempionu Censon Batton düşünür ki, Ədrian Nyui Red Bull-dan ayrılsa da, Ferrari-yə getməyəcək.

Kokpit.az xatırladır ki, Ədrian Nyui gələn ilin ilk rübündə Red Bull komandasından ayrılacaq. 65 yaşlı mütəxəssis bildirib ki, bir az istirahət etmək istəyir. Əksəriyyət isə düşünür ki, Ədrian bir müddətdən sonra Ferrari komandasına transfer olunacaq. Dahi konstruktor isə hələ də son qərarını verməyib.

Ədrian Nyui gələcəyi barədə belə danışıb: “Red Bull-a gələndə bura barədə heç bir fikrim yox idi. Əslində karyeram üçün böyük risk idi. Daha sonra bu möhtəşəm macəraya döndü. İllər ərzində bu gözəl insanlarla işlədiyim və yaxşı uğurlar qazandığım üçün qürur duyuram. Növbəti macəramı bir müddətdən sonra müəyyən edəcəyəm, amma hazırda heç bir planım yoxdur”.

Censon Batton isə bu barədə belə danışıb: “Məncə, İngiltərədən İtaliyaya köçmək böyük işdir. Mən Nyuinin İngiltərədə qalacağını düşünürəm”.

Qeyd edək ki, hazırda bazaları İngiltərədə yerləşən və Nyui ilə maraqlanan 3 komanda var – Aston Martin, Mercedes və Williams.

Rauf Hacıyev

Şərh əlavə et