Xəbəri Kokpitdə Oxuyun!

M.Şumaxer meyar nöqtəsi olacaq

Almaniya mətbuatına görə Mik Şumaxer də Silverstounda Mercedes ilə testə çıxacaq və onun nəticələri Antonelli üçün meyar olacaq. 

Kokpit.az xatırladır ki, Kimi Antonellinin gələcəyi ilə bağlı çoxlu dedi-qodular var. Buna görə də italyan sürücünü Silverstounda testdə Mik Şumaxerlə müqayisə edəcəklər.

Kimi son iki mövsümdə Formula 4 və Formula Regional çempionu olub. Hazırda Formula 2-də mübarizə aparır və o, gələn mövsüm Lyuis Həmiltonun yerinə potensial namizədlərdəndir. Düzdür, o aşağı seriyalarda yaxşı nəticələr qazanıb, amma Formula 1-də necə performans göstərəcəyi hamı üçün müəmmalıdır. Lakin unutmayaq ki, Maks Ferstappen də 2015-ci ildə Formula 3-dən birbaşa Formula 1-ə gəlmişdi.

Qeyd edək ki, Kimi Antonelli keçən ay Red Bull Rinqdə 2021-ci ilin Mercedes bolidi ilə test etmişdi. O, İmolada 2022-ci ilin bolidi W13-ü test edib və müasir maşınlara yaxın olan altlıq effektli maşınları da tanıyıb.

Almaniya mətbuatı indi xəbər verir ki, Antonelli Silverstounda testə qatılmağa hazırlaşır. O, altlıq effektli maşınlara öyrəşmək üçün yenə də  Mercedes-in 2022-ci il bolidi W13-ü sürəcək. Alman mətbuatı bildirib ki, 2021-2022-ci illərdə Haas komandasında çıxış etmiş və indi Mercedes-in ehtiyat sürücüsü olan Mik Şumaxer də bu testlərdə iştirak edəcək. Almaniyalı sürücü Kimi Antonelli üçün meyar nöqtəsi olacaq.

Rauf Hacıyev

Şərh əlavə et