Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Pis günümüzdə ikinci olduq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Mayami yarışları onlar üçün yaxşı keçməyib və Lando Norris qələbəyə layiq olub.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışa pouldan başlayıb və yarış ərzində də qələbə üçün real namizəd idi. Lakin Maks pitə girdikdən bir neçə dövrə sonra trasa təhlükəsizlik maşını çıxıb və pitə girməmiş Lando Norris bu periyoddan maksimum istifadə edərək liderliyə yüksəlib. Britaniyalı sürücü daha təzə təkərlərlə bu üstünlüyünü sona qədər qoruyub və karyerasının ilk qələbəsini qazanıb. Ferstappen isə ikinciliklə razılaşıb.

Maks Ferstappen: “Bəzən qazanarsınız, bəzən də uduzarsınız. Məncə buna öyrəşməliyik, elə deyil? Bu gün bir az çətin idi. Deyəsən Medium təkərlərlə də yaxşı getmirdik. Fərqi artırsaq da, istədiyimiz kimi deyildi və pitə gələndə, McLaren-in dövrəvi nəticələrini eşidəndə dedim ki, bu inanılmazdır.

Hard təkərə keçdikdən sonra daha sürətli idilər. Xüsusən də Lando uçurdu. Yaışın o hissəsi bizim üçün çox çətin idi, amma ən pis günümüzdə ikinci olmuşamsa, bunu qəbul edirəm.
Landoya görə çox sevinirəm. Uzun zaman idi ki, əlindən gələni edirdi və bu onun sonuncu qələbəsi olmayacaq. Bu gün qətiliklə qələbəyə layiq idi.
Maşın öndən və arxadan sürüşürdü. Dörd təkərdə də ilişmə zəif idi. Bunun səbəbini anlamalıyıq.
McLaren buraya yeniliklər gətirmişdi. Belə görünür ki, işə yarayıblar. Yəni biz bir az işləməliyik. Məncə, yarış tempi cəhətdən qətiliklə  ən güclü həftəsonumuz deyildi, amma hər şeyi təhlil edəcəyik. Növbəti yarışa daha güclü qayıtmağa çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et