Kokpit.az bildirir ki, Yuki Tsunoda və Loqan Sarcent yarışa Soft, digər sürücülər isə Medium təkərlərdə başlayıblar. Aleks Elbon isə yarışa pitleyndən start verib. Esteban Okon isə qızdırma dövrəsindəki səhvinə görə yarış başlamamışdan 10 saniyə cərimələnib.
Yarışa pouldan başlayan Maks Ferstappen startda liderliyini qoruyub. İkinci yer uğrunda mübarizədə Şarl Leklerlə Serxio Peres yan-yana gəlsələr də, meksikalı sürücü trasdan çıxıb və Daniel Rikkardonun gerisinə düşüb. İlk dövrədən sonra sıralanma belə olub – Ferstappen, Lekler, Rikkardo, Peres, Sayns, Piastri, Hülkenberq, Maqnussen, Həmilton, Tsunoda, Qasli, Sarcent, Çjou, Rassell, Bottas.
İlk döngədə yaşanan insidentdən sonra trasa təhlükəsizlik maşını girib. Belə ki, Aston Martin komandasının sürücüləri ilk döngəni yan-yana dönərkən Lyuis Həmilton daxili trayektoriyadan xoşniyyətli hücum edib. O anda daxili trayektoriyada olan Alonso dönə bilməyib və Strolla təmas yaşayıb. Stroll isə sol tərəfdəki Lando Norrisə çırpılıb və nəticədə britaniyalı pilot mübarizəni dayandırıb. Lakin boksa gələn Stroll da yoluna davam edə bilməyib və yarışdan çəkilib. Stüardlar bu insidentə görə heç kimə cəza verməyiblər.
Tras təmizləndikdən sonra üçüncü dövrənin sonunda təhlükəsizlik maşını trasdan çıxıb və yarış lider Ferstappenin nəzarətində yenidən başlayıb. İlk dövrədən sonra Kevin Maqnussen 6 pillə yüksələrək, startın ən çox qazananı olub.
Beşinci dövrədə DRS açıldıqdan sonra ötmələr başlayıb. Serxio Peres təxirə salmadan Daniel Rikkardonu geridə qoyaraq üçüncü yerə yüksəlib. Bundan sonra Karlos Sayns avstraliyalı sürücünü gözünə kəsdirib. Lakin Peresin DRS-ində gedən Rikkardo yerini qoruya bilib.
DRs-yə baxmayaraq, ötmə asan deyildi. Sayns 8-ci dövrədə hələ Rikkardoya hücum edə bilməmişdi. Həmilton da 9-cu yerdəki Maqnusseni keçə bilmirdi.
19 dövrəlik yarışın 10-cu dövrəsində lider Ferstappen arxasındakı Leklerlə 2 saniyə fərq açıb. Peres, Rikkardo, Sayns, Piastri, Helkneberq və Tsunoda isə onluğu tamamlayırdılar. Maks Ferstappen isə radiodan maşın barədə şikayətlər edirdi.
Yarışın 11-ci dövrəsində Həmilton Maqnusseni keçsə də, danimarkalı sürücü əks hücumla yerini qaytarıb və iki sürücü təmas ediblər. Maqnussen əvvəlki dövrələrdə şikanı kəsib müdafiə olunduğu üçün stüardlar tərəfindən 10 saniyə zaman cəzası alıb. Buna baxmayaraq Maqnussen rəqibi Həmiltona qarşı aqressiv müdafiə-yə davam edib. Bu müdafiə onun komanda yoldaşı Niko Hülkenberqə kömək edib və almaniyalı sürücü fərqi artırıb.
Həmilton 15-ci dövrədə Maqnusseni keçməyə yaxın idi, amma Maqnussen döngəyə gec girdiyi üçün hər iki sürücü trasdan çıxıblar. Bundan məharətlə istifadə edən Yuki Tsunoda Həmiltonu keçib və 8-ci yerə yüksəlib. Maqnussen daha sonra həm Tsunodaya, həm də Həmiltona keçilib.
Maqnussen yenə də trası kəsdiyi üçün növbəti 10 saniyəlik cəzanı alıb. Danimarkalı sürücü daha sonra aqressiv sürməyinə görə 3 cəza da alıb və 25 saniyəlik cəza ilə yarışı bitirib.
Yarışın davamında elə də ciddi dəyişiklik olmayıb. Ferstappen rahatlıqla yarışı qazanıb. Lekler və Peres podiumu tamamlayıblar. Xal qazanan digər sürücülər isə sıra ilə Rikkardo, Sayns, Piastri, Hülkenberq və Həmilton olublar.
Rikkardo yarış ərzində Saynsa qarşı yaxşı müdafiə olunub və 4-cü yerə tutaraq mövsümdə ilk xallarını qazanıb. Tsunoda son dövrəyə 8-ci yerdə girsə də Həmilton onu keçib. Lakin yarışdan sonra Həmilton pit yolunda sürət həddini aşdığı üçün 20 saniyə cəza alıb və 16-cə yerə geriləyib. Beləliklə, Tsunoda günün son xallarını qazanıb.
Şərh əlavə et