Kokpit.az xatırladır ki, Niko Hülkenberq keçən həftə Sauber-lə çoxillik müqavilə imzalamışdı. Lakin onun komanda yoldaşının kim olacağı hələ məlum deyildi. Düzdür, Karlos Sayns bu vakansiyaya ən real namizəd kimi görünürdü, amma ortaya yeni şayiələr çıxıb.
Belə ki, ilin sonunda Ferrari-dən ayrılmağa hazırlaşan ispaniyalı sürücü gələn illə bağlı tam qərarını verməyib. Audi onunla işləmək istəsə də, Sayns bu təklifə qarşı elə də həvəsli deyil, çünki Sauber hazırda istənilən səviyyədə deyil. Düzdür, alman təmsilçisi Karlos Saynsa çox cəzbedici təklif verib, amma 30 yaşlı pilot layihənin gələcəyindən ümidli deyil.
İspaniya mətbuatı isə yazır ki, Sauber növbəti mövsüm üçün ikinci sürücüsünü də açıqlayacaq, amma bu Karlos Sayns olmayacaq. İddialara görə Sauber ispaniyalı pilota son qərarını verməsi üçün bir ay vaxt verib. Düzdür, Audi maliyyə cəhətdən ona yaxşı təklif verib, lakin Karlos bu təklifə vaxtında cavab verməyərək, onu rədd edib.
Karlos Sayns gələcəkdə daha rəqabətədavamlı komandada çıxış etmək istəyir. Bu komandalar isə Mercedes və Red Bull ola bilər. Mercedes komandasının rəhbəri hazırda Maks Ferstappenlə danışıqlar aparır və ümid edir ki, niderlandlı sürücü “gümüşü oxlar”ı seçəcək. Ancaq son 3 ilin Dünya Çempionu növbəti mövsümdə də Red Bull-da qalmaq istəsə, Mercedes-in ikinci seçimi Karlos Sayns olacaq.
Red Bull komandasında isə daha çox ssenari var. Məsələn, Maks Ferstappen də Ədrian Nyui kimi komandadan ayrılmağa qərar verə bilər. Digər tərəfdə isə Serxio Peresin Red Bull-dan ayrılmaq ehtimalı var.
Red Bull komandasının rəhbəri Kristian Horner daha əvvəl Karlos Saynsın komanda üçün daha cəzbedici namizəd olduğunu qeyd etmişdi.
Şərh əlavə et