Xəbəri Kokpitdə Oxuyun!

Ədrian Nyui Williams-a keçəcək?

Gələn il Red Bull komandasından ayrılmağa hazırlaşan Ədrian Nyuiyə yeni elçi düşüb. Bu onun keçmişdə işlədiyi əfsanəvi Williams komandasıdır. 

Kokpit.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Williams komandası Ədrian Nyui ilə danışıqlara başlayıb. Düzdür, əfsanəvi konstruktorun adı hazırda Ferrari ilə hallanır və “qırmızılar” onun transferində əsas favoritdirlər. Hətta İtaliya təmsilçisi Nyui ilə müqavilə bağlamaq üçün ona açıq çek belə təklif edib. Lakin burada bir problem var: 65 yaşlı mühəndis İtaliyaya köçmək istəmir.

Digər tərəfdə isə idmana gəldikdən sonra inkişaf üçün böyük maliyyə ayıran Aston Martin var. Buna görə də Nyuiyə görə iki böyük avtomobil brendi – Aston Martin və Ferrari mübarizə aparırlar.

Lakin Britaniya mətbuatı bu gün ortaya yeni xəbər atıb – Williams komandasının rəhbəri Ceyms Vavls Ədrian Nyuini ilk titulunu qazandığı komandaya gətirmək üçün danışıqlara başlayıb. Düzdür, Williams komandası Ferrari və Aston Martin kimi güclü deyil, amma Williams-ın rəhbərliyi komandanı ön cərgələrə qaytarmaq üçün əfsanəvi Nyuinin transferində  Ceyms Vavlsa dəstək verib.

Ceyms Vavls keçən ilin əvvəlində Williams komandasına rəhbər gəlib və ilk mövsümündə komanda yaxşı təsir bağışlayaraq yeddinci olub. Bu da Williams-ın 2017-ci ildən sonra ən yaxşı nəticəsidir.

Danışıqlar müsbət formada başlasa da, Williams komandasının bazası köhnədir və onu yeniləmək üçün vaxt lazımdır. Yenə də Ədrian Nyui həm evinə yaxın olduğu üçün, həm də Ferrari-dən fərqli olaraq sərbəst formada işləyə biləcəyi bir komandanı zirvəyə daşımağın həzzini yaşaya bilər.

Williams komandasının sürücüsü Aleks Elbon daha əvvəl Ədrian Nyui ilə işləyib və taylandlı sürücü düşünür ki, Ceyms Vavls əfsanəvi Ədrian Nyuini komandaya gətirə bilər: “Onun növbəti komandasını görmək maraqlı olacaq. Əminəm ki, bütün komandalar onu transfer etmək üçün hazırkı vəziyyəti dəyərləndirir. Ona gələcək işlərində uğurlar arzu edirəm. Qapımız onun üzünə həmişə açıqdır”.

Qeyd edək ki, Ədrian Nyui 1991-1996-cı illərdə Williams komandasında işləyib və burada 1992-1994 və 1996-1997-ci illərdə Mühəndislər Kubokunu, 1992, 1993, 1996, 1997-ci illərdə isə Sürücülər Çempionatını qazanıb.

Rauf Hacıyev

Şərh əlavə et