Xəbəri Kokpitdə Oxuyun!

Ə.Nyui: Estafeti başqalarına vermək vaxtıdır

Red Bull komandasının texniki direktoru Ədrian Nyui bildirib ki, artıq estafeti başqalarına vermək vaxtıdır.

Kokpit.az xatırladır ki, britaniyalı mühəndis gələn ilin ilk rübündə Red Bull komandasından ayrılacaq və o, Red Bull-un hiperkarı RB17-nin üzərində işləməyə başlayacaq. Bununla da Formula 1-də bir eranın sonu olacaq. Onun növbəti iş yerinin hara olacağı hələ də məlum deyil, amma Ferrari və Aston Martin daha üstün görünürlər.

Ədrian Nyui: “Uşaqlıqda ən böyük xəyalım sürətli maşınların dizayneri olmaq idi. Formula 1-də mühəndis işləməyi arzulayırdım. Bu xəyalımı reallaşdıracaq qədər bəxtəvərəm.

Demək olar ki, 20 ildə Red Bull kimi yeni qurulmuş komandaya bir neçə çempionluq qazandırdım. Bununla fəxr edirəm. Ancaq artıq estafeti başqalarına verməyin və özüm üçün yeni macəra axtarmağın vaxtıdır. Bu arada RB17-nin təkmilləşməsində son mərhələdəyik və buna görə də qalan müddətdə komanda ilə bu işə köklənəcəm”.

Komandanın rəhbəri Kristian Horner isə Nyuidən təriflə danışıb və bildirib ki, onun mirası komandada uzun illər yaşayacaq: “Son 20 ildə qazandığımız uğurların səbəbkarı Ədrian Nyui oldu. Onun təcrübəsi bizə 20 mövsümdə 13 titul qazandırdı. Onun qazanma istəyi komandaya inanılmaz güc gətirdi.

Bundan başqa Adrianla keçirdiyimiz 19 il çox əyləncəli idi. Adrian Red Bull-a qatılanda onsuz da superstar dizayner idi. İyirmi ildə 13 titul qazanaraq bir əfsanə kimi buradan ayrılır.

O, eyni zamanda mənim dostumdur və ortaqlığımıza qatdığı hər şeyə görə ona həmişə minnətdar olacağam. Geridə qoyduğu miras bazamızın salonlarında əks olunacaq və RB17 hiperkarı bizimlə keçirdiyi zamana uyğun vəsiyyət və miras olacaq”.

Qeyd edək ki, Ədrian Nyui Red Bull-da işlədiyi 19 mövsümdə 7 Sürücülər, 6 Mühəndislər Çempionluğu qazanıb. Onun növbəti iş yerinin Ferrari olması gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et