Kokpit.az saytı bu barədə bir neçə gün əvvəl xəbər vermişdi.
Bu gün isə məlum olub ki, Ədrian Nyui rəhbərliklə aparılan danışıqlardan sonra istefa məktubunu rəsmi olaraq təqdim edib. İndi isə rəsmi açıqlama gözlənilir. Red Bull komandası rəsmi açıqlamanı böyük ehtimalla qısa müddət ərzində – Mayami yarışından əvvəl verəcək. Qərarının səbəblərini şirkətə məktubda bildirən britaniyalı mütəxəssis ən geci 2025-ci ilin əvvəlində Red Bull-dan ayrılacaq.
Bəzi iddialara görə Ədrian Nyui son qərarını ilin əvvəlində Kristian Hornerlə münasibətlərinin pozulmasından sonra verib.
“Aerodinamikanın atası” ləqəbli Nyuinin növbəti iş yerinin hara olacağı isə hələ də müəmmalıdır. O, ya Mercedes, Aston Martin, McLaren ya da Ferrari-yə gedəcək ya da Formula 1-dən tamamilə uzaqlaşacaq. Onun Mercedes-ə getmə ehtimalları aşağıdır, çünki Toto Volffla yaxın münasibətləri yoxdur.
Louren Stroll isə Aston Martin-i aldıqdan sonra Ədrian Nyuiyə böyükməbləğli təklif göndərmişdi. Lakin Ədrian artıq puldan çox işindən həzz almağı düşünür. Nyui Louren Strolldan çəkinir və buna görə də onun təklifini dəyərləndirmir.
Ədrian Nyui 1997-2005-ci illərdə McLaren-də işləmişdi və buna görə də “narıncılar” onun üçün yeni macəra olmayacaq. Onun Zek Braunla arası yaxşı olsa da, McLaren-in resurslarının yetərli olub-olmadığına əmin deyil.
Sona ancaq Ferrari seçimi qalır. “Qırmızılar” onu uzun illərdir ki, transfer etmək istəyir. Lakin burada başqa sual işarəsi var: Ədrian Nyui Maranelloya köçüb, komanda daxilindəki mürəkkəb quruluşda işləmək istəyəcək? Bunları zaman göstərəcək.
Şərh əlavə et